“Real”ın ulduzu problemlə üzləşdi, ölkə prezidenti səssiz qalmadı

23 May 2023 00:10 İspaniya 574
“Real”ın ulduzu problemlə üzləşdi, ölkə prezidenti səssiz qalmadı

Braziliyanın prezidenti Luis İnasio Lula da Silva FİFA-nı irqçiliklə mübarizə aparmaq üçün ciddi addımlar atmağa səsləyib.

Sportinfo.az xəbər verir ki, ölkə başçısı bu haqda Yaponiyanın Hirosima şəhərində keçirilən “Böyük Yeddiliy”in (G7) sammitinin mətbuat konfransından öncə söyləyib.

O, İspaniya La Liqasının 35-ci turunun “Valensiya” ilə matçında (0:1) təhqirlərə məruz qalan “Real”ın braziliyalı futbolçusu Vinisius Juniora dəstək olduğunu bildirib:

“Bizim dövrümüzdə Avropanın stadionlarında irqçi təəssübkeşliyin vüsət alması yolverilməzdir. Uğur qazanan və dünyanın ən yaxşılarından hesab edilən futbolçunun hücum hədəfinə çevrilməsi düzgün deyil.

Mən FİFA, La Liqa və digər qurumların ciddi tədbirlər görməsini vacib hesab edirəm. Çünki stadionlarda faşizm və irqçiliyin təzahürlərinə yol verə bilmərik”.

Xatırladaq ki, meydan sahiblərinin azarkeşləri braziliyalı futbolçuya qarşı irqçilik etdikləri üçün matçda fasilə yaranıb. Vinisius görüşün sonunda qırmızı vərəqə alaraq meydançanı vaxtından öncə tərk edib.

“Sambaçı” cari mövsümdə “kral klubu”nun heyətində bütün turnirlər daxil olmaqla 54 oyuna çıxıb, 23 qol vurub və 21 məhsuldar ötürmə edib.

Paytaxt təmsilçisi hazırda La Liqanın turnir cədvəlində 71 xalla 3-cü, “Valensiya” isə 40 xalla 13-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti