“Kamran Ağayev səhv evib, mənim əvəzimə niyə danışır?"

14 Aprel 2017 13:12 İslam Oyunları 982
“Kamran Ağayev səhv evib, mənim əvəzimə niyə danışır?"

İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək U-23-ün rəqibləri ötən həftə bəlli oldu. Sportinfo.az xəbər verir ki, püşk A qrupunda yarışacaq Yaşar Vahabzadənin başçılıq etdiyi yığmaya Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeşi rəqib etdi. Turnirin futbol yarışları mayın 8-dən başlayacaq. Açılış matçında millimiz kamerunlularla oynayacaq.

Püşkün nəticəsi bir yana, şərait də ümidverici deyil. Çempionatın qızğın vaxtıdı və U-23 hazırlıq üçün toplanışa vaxt tapmır. Yığma mayın əvvəlində bir araya gələ biləcək ki, onda da tam heyətlə yox. Yaxşısı budu, Yaşar bəyi dinləyək: "Hamını bir yerə yığıb baxa bilmirik. Ancaq oyunlarda izləyə bilirik. Çempionat bitəndən sonra, konkret mayın 1-də bir araya gələcəyik. Çünki indi heç cür alınmır.

Toplayıb məşq keçərdik, oyun sistemini başa salardıq. Ancaq hamısı oynayan futbolçulardı, vaxt yoxdu. Bir neçə komanda avrokuboklara oynayır. Fikrimcə, heç biri risk edib futbolçularını verməz. Çempionat oyunları olduğu üçün çətinlik yaranıb. Ən azı bir toplanış olmasını istərdik. "Qarabağ”la "Qəbələ”nin futbolçuları isə kubokun finalından sonra komandaya qoşulacaqlar. Hansı ki, bu iki komandadan yığmaya 8 namizəd var".

Bəs U-23-ün siyahısı nə vaxt hazır olacaq? Yaşar bəy artıq ümumi siyahını hazırladığını bildirdi: "Ümumi siyahı var. İndidən açıqlamaq istəmirəm. Çünki hələ çempionat davam edir, üzürlü-üzürsüz səbəbdən dəyişiklik qaçılmaz ola bilər. Əsas odu ki, zədə almasınlar. Baxırıq, izləyirik. Fikrimcə, bir tur da gözləsək, yaxşı olar. Gələn həftə heyətlə bağlı fikirlərimi konkretləşdirəcəm".

Yığmaya əlavə 3 nəfər yaşı 23-dən çox olan futbolçunun daxil edilməsi planlaşdırılır ki, onların kimliyi hər kəsə maraqlıdı. Xüsusilə "çərçivə"ni Kamran Ağayevin qoruyacağı deyilir. Vahabzadə Kamranın adının çəkilməsinə sərt reaksiya verdi: "Üç yerə 6-7 namizəd var, onlara baxırıq. Hələ konkret heç kimin üzərində dayanmamışıq, fikirləşirik.

Gələn həftə dəqiq bilinəcək. Adam adlarını çəkməyə qorxur. Jurnalistlər zəng vurub soruşur ki, "filan futbolçu deyib İslamiadada iştirak edəcəm, təsdiqləyə bilərsiz?” Ən çox da Kamran Ağayevə görə zəng vururlar. Yığmanın baş məşqçisi mənəm, Kamran niyə mənim əvəzimə danışır? Gəlsin, heyəti də o müəyyənləşdirsin. Bilmirəm, bəlkə özü yığmada olacağını deməyib, yalan yazıblar. Deyibsə, səhv edib".

Fürsətdən istifadə edib baş məşqçidən U-21-lə bağlı planları da öyrəndik: "İyunda UEFA-nın "pəncərə”si olacaq. Həmin dönəmdə komandanı bir araya gətirəcəyik. 9-10 günlük təlim-məşq toplanışı nəzərdə tutulub. İndidən bu yöndə çalışırıq. Bir neçə yoxlama oyunu planlaşdırmışıq.

Hansı komandalarla oynayacağımızı müəyyənləşdirməyə çalışırıq. Hələ ki rəqiblər məlum deyil. Federasiyalarla danışıqlar aparırıq. U-21-də dəyişikliklər də ola bilər. Yeni futbolçular olsa, cəlb edəcəyik. Futbolçuların əksəriyyəti qısa müddətdi bir yerdə oynayır. Çoxu əvəzedicilərin futbolçularıdı" (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"