Bakıda keçiriləcək 4-ci İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan futbol turnirində 8 yığma iştirak edəcək. Sportinfo.az xəbər verir ki, Yaşar Vahabzadənin rəhbərlik etdiyi millidən başqa, Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Əlcəzair, Oman, Fələstin və Mərakeş qızıl medallar uğrunda mübarizə aparacaq.
Martın 9-da iştirakçı komandaların siyahısı təsdiqlənib. Ancaq bundan narazı olanlar da var. Belə ki, İndoneziya mətbuatının yazdığına görə, bu ölkənin Olimpiya Komitəsi İslamiadanın Təşkilat Komitəsinə müraciət edərək, onların futbol millisinin turnirdə iştirakının təmin olunmasını istəyib. Komitənin mətbuat katibi Raci Pane yerli nəşrlərə açıqlamasında İndoneziya millisinin turnirə qatılmaq üçün bütün prosedurlara əməl etdiyini bildirib:
“Hələ ötən ilin dekabrında İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə müraciət edərək, futbol yığmamızın da yarışlarda iştirak etmək istədiyini bildirmişdik. Bu il fevralın 16-da isə 60 futbolçunun adı qeyd olunan ilkin siyahını da qarşı tərəfə təqdim etmişdik. Martın əvvəlində tam siyahı Təşkilat Komitəsinə təqdim olunub. Bu üzdən yığmamızın futbol yarışlarında iştirak etməyəcəyi məlum olanda çox təəccübləndik.
Təşkilatçılar İndoneziya millisinin adını ehtiyat siyahıya salıblar ki, bu da bizi razı sala bilməz. Onlar hansısa yığma yarışdan imtina edəcəyi təqdirdə bizim qarşımızda “yaşıl işıq yandıra” bilərlər. Təşkilat Komitəsi 9 komandanı 3 qrupa bölməklə də turniri keçirə bilər. Ümid edirik ki, bu həftə xoş xəbər eşidəcəyik. Biz İndoneziya yığmasının İslamiadada iştirakını təmin etmək üçün sona qədər mübarizə aparacağıq”.
Məsələyə İndoneziya Futbol Federasiyasının mətbuat katibi Ade Vellinqton da münasibət bildirib. O da təşkilatçıların bu addımından təəccübləndiyini söyləyib: “Yığmanın bütün üzvləri qeydiyyatdan keçib. Həmin siyahı da Olimpiya Komitəsinin xətti ilə Təşkilat Komitəsinə göndərilib. Bütün tələbləri yerinə yetirdiyimiz halda, kənarda qalmaq bizə qəribə gəlir”.
İndoneziya millisi İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşır. Hətta yerli federasiya mövsümün əvvəlində təqvimi müəyyənləşdirərkən İslamiadanın nəzərə alaraq, müəyyən dəyişikliklər etmək məcburiyyətində qalıb. Asiya təmsilçisi Bakıda keçiriləcək məsul yarışa U-22 komandasını göndərməyi planlaşdırıb. Bu məqsədlə ispan Luis Milyein baş məşqçisi olduğu yığma aprelin 15-dən mayın 6-dək İspaniyada təlim-məşq toplanışı keçəcək. Üçhəftəlik hazırlıq dönəminin sonunda ispaniyalı mütəxəssis komandada kimlərin yer alacağı ilə bağlı son qərarını verəcək.
