Premyer Liqanın 20-ci turu çərçivəsində “Karvan-Yevlax” növbəti məğlubiyyətini aldı.
Baş məşqçi Füzuli Məmmədovun baş məşqçi postuna təyin olunmasından sonra qələbə üzünə həsrət qalan yevlaxlılar bu dəfə “Zirə”yə boyun əydi – 0:1.
Məmmədov qarşılaşmanın 32-ci dəqiqəsində Qavi Tompsonu Peter Kinqslə əvəzləməsi nigeriyalı futbolçunun xoşuna gəlmədi.
Tompson meydanın kənarına gələndən sonra ona əl uzadan baş məşqçinin əlini sıxmaqdan imtina etdi. Daha doğrusu, uzanan ələ soyuq şəkildə cavab verdi. Verməsəydi, ondan daha yaxşı olardı.
Ardınca hər kəsin önündə əlindəki plastik su qabını yerə çırpmaqla baş məşqçiyə kəskin etirazını bildirdi.
Görünən odur ki, intizam tərəfdarı olduğu deyilən Pro kateqoriyasına sahib Füzuli Məmmədov futbolçular arasında özü haqda yüksək fikir formalaşdıra bilməyib.
Belə olmasaydı, Qavi ona qarşı hörmətsizlik etməz, qərarına sayğı ilə yanaşardı.
Bir komandanın nəticə qazanması üçün kollektivdə ilk növbədə nizam-intizam qurulmalı, baş məşqçinin çəkisi futbolçuların ağırlığını üstələməlidir.
Deyilmi?
Həmin anın görüntüləri ilə aşağıdakı videoda tanış ola bilərsiniz.
HƏBİB / SPORTİNFO.AZ

