Malta Futbol Federasiyasının Attard şəhərində yeni istifadəyə verdiyi Milli komandalar üçün qərargahda tədbir keçirilib.
Sportinfo.az xəbər verir ki, tədbirdə SCALE layihəsinin Azərbaycan üzrə koordinatoru Kifayət Mustafayeva, təlimçilər Gülyana Özcan və Ofeliya Qafarova iştirak ediblər. Konfrans çərçivəsində nümayəndə heyəti layihənin Azərbaycanda uğurla icrası, meydança fəaliyyətləri və “ikili karyera” modeli üzrə məktəb proqramlarının tətbiqi ilə bağlı təqdimatlar edib.
Tədbirdə layihənin tərəfdaş ölkələri – Azərbaycan, Rumıniya, İtaliya, Moldova və Malta arasında cari vəziyyət, əldə olunan nəticələr və növbəti mərhələlər üzrə fəaliyyət planı müzakirə olunub.
SCALE layihəsinin əsas məqsədi gənc futbolçuların idman fəaliyyətləri ilə yanaşı, akademik inkişafını dəstəkləmək, onların məktəb dərsləri və təlim prosesini futbol məşqləri ilə paralel şəkildə davam etdirmələrinə şərait yaratmaqdır.
Layihə gənclərin təhsil və idman arasında balansın qorunmasına yönəlmiş “ikili karyera” modelinin inkişafını hədəfləyir.
SCALE layihəsi 2023-cü ildən etibarən AFFA-nın təşkilatçılığı ilə həyata keçirilir və bu müddət ərzində 10 məktəb və 5 klub (oğlan və qız futbolçular daxil olmaqla) layihəyə cəlb olunub.




