
"Sumqayıt"ın yeni transferi Nikola Ninkovic dünya ulduzu ola bilərmiş.
Hələ 17 yaşında Serbiyanın U-21 millisində forma geyinən yarımmüdafiəçi istedadı ilə Avropaya səs salıb.
Hətta İspaniyanın nüfuzlu "Don Balon" nəşri Nikolanı 1993-cü ildən sonra doğulan ən istedadlı 100 gəncin siyahısına daxil edib.
Amma o, istedadını ulduza çevirə bilməyib.
Səbəb də yox deyil.
Həyatında baş verən üzücü olaylar karyerasına ciddi zərbə vurub.
Onlardan biri 2020-ci ilin oktyabr ayına təsadüf edir.
"Askoli"də çıxış edən orta sahə oyunçusu Serbiyadan İtaliyaya qayıdarkən ağır avtomobil qəzası keçirib.
Onun idarə etdiyi Porsche markalı avtomobil yük maşınına çırpılıb.
Möcüzə nəticəsində sağ qalan futbolçu yarım il yaşıl meydanlardan kənarda qalıb.
Qayıdanda isə əvvəlki Nikola ola bilməyib.
Qəzanın travması yenicə parlamaqda olan futbolçunun bəlkə də ulduz olmasının önünə sipər çəkmiş olur.
"Kimyaçılar" ötən mövsümü Serbiyanın "Tekstilaç" klubunda keçirmiş Nikola Ninkoviç ilə "1+1" illik müqavilə imzalayıb. 30 yaşlı hücumameyilli yarımmüdafiəçi "Sumqayıt"da "10" nömrəli formada çıxış edəcək.
Ninkoviç karyerası ərzində "Partizan" (Serbiya), "Kyevo", "Empoli", "Cenoa", "Askoli", "Breşiya" (hamısı İtaliya) kimi klublarda çıxış edib. O, Serbiya millisinin heyətində keçirdiyi 4 oyunda 1 qol ilə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ