
“Qarabağ” Çempionlar Liqasında növbəti oyuna hazırlaşır.
Azərbaycan çempionunun II təsnifat mərhələsindəki rəqibi ötən həftə darmadağın etdiyi “Şelburn”dur.
Revanş hissi ilə alışıb-yanan İrlandiya təmsilçisinin Bakı planlarına aydınlıq gəlib.
Qonaqları gətirən çarter reysli təyyarə bu gün axşam saatlarında Bakıya enəcək. Matçdan iki gün əvvəl paytaxtımıza təşrif buyuracaq “Şelburn” bu gün istirahət edəcək, sabah axşam saatlarında oyunöncəsi son məşqə çıxacaq.
İrlandların Bakıda otel seçimi təəccüb doğurmaya bilməz. “Tofiq Bəhramov”da meydana çıxan rəqiblər adətən şəhərin mərkəzindəki mehmanxanalara üstünlük verir.
“Şelburn” fərqli addım ataraq mərkəzdən kənarda – Mikayıl Əliyev küçəsində yerləşən “Wyndham Garden”i seçib.
Səfərdə baş tutan ilk görüşdə “köhlən atlar” rəqibin qapısından 3 cavabsız top keçirmişdi.
İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək cavab qarşılaşması saat 20:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ