
Azərbaycan futbol tarixinin unudulmaz siması, dünya şöhrətli hakim Tofiq Bəhramovun 100 illiyi münasibətilə keçirilən minifutbol turniri başa çatıb.
Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Minifutbol Federasiyasının tərəfdaşlığı və Topaz-ın baş sponsorluğu ilə təşkil olunan turnirin qalibi Azərbaycan İdman Akademiyasının komandası olub.
İyulun 19-da keçirilən final oyununda Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası ilə futzal hakimlərindən ibarət “The Same” komandası üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən gərgin qarşılaşma “akademiya”nın 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Azərbaycan İdman Akademiyası turnirin çempionu, “The Same” gümüş medalçı, Premyer Liqa hakimlərindən ibarət “Ref Team” və media mənsublarından ibarət “Media Star” komandaları 3-cü yeri tutublar.
Turnirin bombardiri və ən yaxşı oyunçusu ADBTİA-nın üzvü Vüsal Buludlu olub. O, 15 qol ilə bu mükafata layiq görülüb.
Turnirin ən yaxşı qapıçısı isə həmin komandanın qapıçısı Rüstəm Rüstəmli olub.
Turnirin Tofiq Bəhramovun adına olan “Fair Play” mükafatı isə ən az sarı vərəqə alan və nümunəvi oyunu ilə seçilən veteran hakimlərdən ibarət komandaya təqdim olunub. Mükafat veteran hakim Ramil Diniyevə təqdim olunub.
Həmçinin, turnirdə hakimlik etmiş saytımızın əməkdaşı Həbib Aslanova təşəkkürnamə təqdim olunub. Gələcəkdə bu ənənə davam etdirilməklə daha çox jurnalistlərin hakimlik edərək, bu işin reallıqlarını görmək imkanı olacaqdır.
Bağlanış mərasimində iştirakçı 12 komandanın nümayəndələri, futbol həvəskarları, media nümayəndələri, futbol veteranları, hakimlər, ictimai şəxslər və idman qurumları iştirak edib.
Beləliklə, 2 ay müddətində davam edən maraqlı turnir uğurla başa çatıb.
SPORTİNFO.AZ