
Sportinfo.az xəbər verir ki, "Zirə"nin 16 yaşadək futbolçulardan ibarət komandasının üzvü Fərid Şahverdiyevin Xəzər dənizində boğularaq ölməsinin təfərrüatları məlum olub.
Komandanın baş məşqçisi Yasin Yaqubov teleqraf-a bildirib ki, yeniyetmə futbolçu evlərinin yaxınlığındakı Şüvəlan çimərliyinə dostları ilə birlikdə yollanıb.
"Dənizdə üzdükləri vaxt onlardan 3-ü batma təhlükəsi ilə üzləşib. Həmin vaxt dənizdə üzən kənar bir şəxs onlardan 2-ni xilas edə bilib.
Daha uzaqda olan Fərid Şahverdiyevi də xilas etməyə yollandıqda onu tapa bilməyib. Hadisə iyulun 17-də saat 16:30 radələrində baş verib.
Fəridin meyitini hadisədən iki saat sonra dalğıclar tapıblar. Oradan Mərdəkan qəsəbəsindəki 26 saylı xəstəxanaya aparılıb", - deyə o bildirib.
Yaqubov dəfn yeri və saatının da müəyyənləşdiyini söyləyib:
"Allah heç kimə göstərməsin, dəhşətli hadisədir. İndiyədək anasının və digər yaxınlarının fəryadı qulağımdadır.
Hadisənin təsirindən özümə gələ bilmirəm. Nəşini ailəsinə təhvil verdik. Cənazəni evlərinə apardığımız vaxt 500-dək insan var idi".
Baş məşqçi mərhum futbolçunu belə dəyərləndirib:
"Özü 14 yaşından "Zirə"də idi, mənim rəhbərliyim altında məşq edirdi. Sağ və sol cinah yarımmüdafiəçisi mövqelərində oynayırdı.
Çox mərifətli, əxlaqlı, tərbiyəli, mehriban, gülərüz insan, istedadlı oyunçu idi. Barəsində yalnız xoş sözlər demək olar. Allah rəhmət eləsin. Allah valideynlərinə səbr versin".