COP29

Santuşa Fernandesi verin...

12 Oktyabr 08:50 Hadisə 1 971
Santuşa Fernandesi verin...

İndi biz portuqaliyalı mütəxəssisdən nəticə istəməzdən öncə ona müasir futbolu oynaya bilən, bu tələblərə fiziki olaraq cavab verən futbolçular da verməliyik...

Estonlar basketbolu, hokkeyi yaxşı oynayırlar, onlar da deyəsən, bizim kimi hər iki oyunda uduzublar.

Santuş yayda təyinat alanda bu barədə yazmaq istədim, çox yazıları da oxudum və gözləməyə qərar verdim. Qismət bu günə dəng gəldi...

Bir gün əvvəl 70 yaşını qeyd edən portuqaliyalı zamanında “Benfika”, “Portu”, “Sportinq”, “Panatinaikos” kimi klublara, Yunanıstan, Portuqaliya və Polşa millilərinə rəhbərlik edib.

2016-cı ildə rəhbərlik etdiyi Portuqaliya millisi tarixində ilk dəfə Avropa çempionu oldu, amma bütün rəqiblərini xatırladığım qədər 1:0 qalib gəldi, finalda da ev sahibi Fransanı həmin hesabla məğlub edib çempionluğu bayram etdi. Mövzumuz Portuqaliya millisi olmasa da, 2000-ci ildən bu yana bu komanda bir dəfə də olsun dünya və Avropa çempionatını qaçırmayıb ki, onun 8 ili də Santuşun xidməti sayıla bilər.

thumb856_20241010210812760.jpg (155 KB)

Onun niyə indi Azərbaycan millisinə gəlməyə razılıq verməsinin səbəbi əlbəttə 1 deyil, bəlkə də 5-dir. Amma biz ümumi birini deyə bilərik. Santuşa beş il əvvəlki kimi diqqət, daha doğrusu ehtiyac yoxdur. İndi orta yaşlı xeyli məşqçi var ki, onlara ehtiyac daha çoxdur.

Santuşun milli komandadan 2022-ci ildə göndərilməsinə əsas səbəb kimi Ronaldo ilə gərgin münasibətləri göstərilirdi. İddia olunurdu ki, forvardı vacib qarşılaşmalarda ya meydana əvəzetmə ilə buraxması, ya da sonadək oynatmaması bu istefaya səbəb olub. Hər halda, Santuşun iki ilə əvvəl rahat yerindən, ölkəsindən getməsi gözlənilməz olmuşdu.

Снимокbb.JPG (21 KB)

Bir il sonra Polşaya rəhbərlik etməyə başlayan Santuş burda cəmi 8 ay duruş gətirə bildi. Onun bu ilin yanvarında “Beşiktaş”a da baş məşqçi təyinatı da fiaskoya uğradı- yanvarda işə başladı, apreldə klub onunla müqaviləni pozdu.

Santuş yəqin ki, Azərbaycan millisinə rəhbərliyə ona görə razılıq verdi ki, bu komandada əcnəbi məşqçiləri yalnız o halda “qovurlar” ki, baş məşqçi məsələn, ailə-məişət problemləri səbəbindən burada qalmaq istəmir, necə deyərlər özü “məğlubiyyətdə doyur”...

GettyImages-1448159639.jpg (108 KB)

Portuqaliyalının çox təcrübəli baş məşqçi olduğuna şübhə yoxdur, amma onun işlədiyi komandalarda avtoritet olması hələ şübhəlidir. Məşqçi komandada avtoritet olmadısa, ona “ağsaqqal kimi” hörmət edilirsə, nə baş məşqçi, nə komanda uğur qazan bilər. Ramil Şeydayevin UEFA Millətlər Liqasının qrup mərhələsinin 1-ci turunda Bakıda keçirilən Azərbaycan – İsveç oyununda özbaşına penaltini vurmaq istəməsi və şansı qola çevirə bilməməsi Santuşun millidə nüfuzunun aşağı olduğunu göstərdi. Kimin üçünsə bu xırda, hətta demoqoji kimi də görünə bilər, amma hər şey belə xırda detallardan başlayır. Santuşa bu “özbaşına penalti”yə görə iradlar oldu, Ramili niyə cəzalandırmadı və sairə... Şeydayev bilsəydi ki, onun mövqeyində üç iddialı futbolçu ehtiyatda oturub, hərəkətlərindən, oyunundan narahat olardı. Santuş onu iki oyun cəzalandırıb, yerinə kimi meydana buraxsın? Yeri gəlmişkən, onu Moskva “Dinamo”sundan izləyirəm, orada necə oynayırdısa, elə o səviyyədə qalıb, məncə, xarici klub təcrübəsi də işə yaramayıb. Qurban Qurbanov ona böyük ümidlər bəsləyirdi, amma təcrübəli baş məşqçi deyən olmadı...

7woItgiGUyc.jpg (267 KB)

Santuş heyətlə işləyən məşqçidir. Bruno Fernandesi, Bernardo Silvanı, Joao Marionu Portuqaliya millisi üçün o yetişdirməyib, bu futbolçular oynadıqları klublarda püxtələşiblər. İndi biz Santuşdan nəticə istəməzdən öncə ona müasir futbolu oynaya bilən, bu tələblərə fiziki olaraq cavab verən futbolçular verməliyik.

Milli komanda əcnəbi klublarda oynayanlar da var, yerli klublarda da. Amma bu oyunçular arasında da ustalıq fərq özünü göstərmir. Yalnız Renat Dadaşovu bu siyahıda fərqləndirmək olar. “Qarabağ”ın oyunçuları da fərqlənməyə çalışırlar, amma klubdakı son geriləmə onların millidəki oyununa da təsir etmiş kimi görünür. Mübarizə aparırlar, millinin formasına hörmət edirlər, əlbəttə məsuliyyəti də dərk edirlər, buna görə sağ olsunlar. Santuşda Estoniya ilə oyun öncəsi deyib ki, əsas odur ki, futbolçular Azərbaycana görə öz ürəklərini qoysunlar və oynasınlar.

46703.jpg (437 KB)

Deyim ki, Santuş Estoniyada milimizlə bağlı futbol strategiyasını açıqlayıb, maraqlı fikirlər bildirib. “Futbolçularıma demişəm ki, çəkinməyin, qorxmayın. Hansı komandanın güclü və ya zəif olması barədə düşünmürəm. Mənim üçün bir yol var. Bu yolla getməliyik. Bu gün Estoniya ilə oynayırıq, sabah Portuqaliya ilə oynaya bilərik. Hansısa komandadan çəkinib müdafiədə oynamaq və ya hansısa komandadan üstün olub hücumda oynamaq kimi bir şey yoxdur. Yalnız bir düşüncə tərzi ilə getmək lazımdır. Mənim əsas məqsədim Azərbaycan milli komandası üçün bir yol qoymaqdır” deyə, baş məşqçi bildirib.

Qulağa yaxşı gələn sözlərdir. Məşhur deyimi bir az dəyişdirsək, “avazı yaxşı gəlir, təki oynadıqları futbol olsun” demək də olar. Görək, bu axşam milli komanda Santuşa 70 yaş hədiyyəsi kimi qələbə bəxş edə biləcəkmi?

Nazim SABİROĞLU

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 18:10 Çək və bizə göndər!