“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri tarixi əhəmiyyət daşıyır.
Azərbaycan Qarabağ torpaqlarının böyük hissəsini azad edib. Bu, ilk yüksək rütbəli siyasətçi və dövlət xadiminin Qarabağa səfəridir”.
Sportinfo.az xəbər verir ki, bunu “qafqazinfo”ya açıqlamasında politoloq Elxan Şahinoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Şuşaya nəzərdə tutulan görüşünü şərh edərkən deyib.
O qeyd edib ki, 30 il ərzində torpaqlarımız işğal altında olduğu dövrdə heç bir xarici dövlətin lideri Qarabağa səfər edə bilməzdi, ancaq bu ilk səfərdir:
“Şuşada çox önəmli açıqlamaların veriləcəyini düşünürəm. Müharibə və ondan sonrakı dövr göstərdi ki, Türkiyə Cənubi Qafqazda, Azərbaycanda, o cümlədən Qarabağda artıq möhkəmlənib. Ərdoğan Şuşada önəmli açıqlamalar verəcək. Bu açıqlamaların bir ünvanı Rusiya, digəri Ermənistan və Qərb ölkələri ola bilər. Açıqlamalarda artıq heç kimin Azərbaycan torpaqlarını işğal edə bilməyəcəyi vurğulanacaq.
Şuşada böyük razılaşma da imzalanacaq. Hesab edirəm ki, anlaşmada iqtisadi-hərbi əməkdaşlığın genişləndirilməsiylə bağlı bəndlər olacaq. Çünki türk şirkətlərinin Qarabağa investisiyaları artıb. Onlar Qarabağda yollar, hava limanları inşa edirlər. Kəlbəcərin qızıl yataqlarının istismarında türk şirkətləri yer alacaq. Buna görə də türk vətəndaşlarının təhlükəsizliyi barədə də ciddi düşünülməlidir.
Əlbəttə, Azərbaycan ordusunun hərbçiləri türk vətəndaşlarının təhlükəsizliyinin təminatı üzərinə götürüblər. Amma düşünürəm ki, tək Ağdamda deyil, Qarabağda Türkiyənin hərbi varlığı təmin olunacaq.
Belə ki, təkcə Ağdamda olan monitorinq mərkəziylə kifayətlənilməyəcək. Gələcəkdə Türkiyənin Qarabağda, Şuşada, yaxud Kəlbəcərdə hərbi bazaları da yaradıla bilər. Bu istiqamətdə də ciddi mesajlar ola bilər. Bundan başqa, Ərdoğan Şuşada məktəbin təməlatma mərasiminə də qatılacaq”.
E. Şahinoğlu bildirib ki, Şuşada Türk konsulluğunun açılması ən vacib addımlardan biri ola bilər:
“Əgər Şuşada Türk konsulluğu açılarsa, bu o deməkdir ki, Şuşanın təhlükəsizliyi əbədi şəkildə təmin ediləcək. Azərbaycanın Şanlı Ordusu şəhid verərək Şuşanı azad etdi. Ancaq yüz ildə Şuşa müxtəlif xəyanətlərin qurbanı oldu. Seperatçılar Şuşanı yandırdılar, dağıtdılar, işğal etdilər. Biz bir daha buna yol verə bilmərik. Türkiyə Konsulluğunun orada açılması o deməkdir ki, Azərbaycan hərbçiləriylə birgə Şuşanın təhlükəsizliyi əbədi şəkildə təmin olunacaq”.