Gilizin içindən çıxan şəhidlik ərizəsi... FOTO

21 Aprel 2021 22:50 Hadisə 701
Gilizin içindən çıxan şəhidlik ərizəsi... FOTO

Uşaq vaxtı Ağdamda, babamgilin evinin arxasındakı təpələrdən boş gilizlər yığardıq. Müharibə uşağının ilk oyuncaqları idi o boş gilizlər. Onda bizim oyuncaqlar dünyanın başqa ölkələrində - məsələn, Fransada, Norveçdə, İsveçdə yaşayan uşaqların yumşaq oyuncaqlarından çox fərqli idi. Müharibəni, onun həqiqətlərini, dəhşətini azyaşlı ikən öyrənmişdik.

Sonra da 27 il davam edən məcburi köçkünlük...

Başqa bölgədə yaşadım, başqa rayonda məktəbə getdim, başqa şəhərdə universitetdə oxudum, amma bir Ağdamı, bir də o boş gilizləri heç vaxt unutmadım. 27 il sanki gülləsi beynimə saplanmış kimi ətəyimdə gəzdirdim o gilizləri.

Dünən yenə giliz gördüm. Daşaltıda tapılmışdı. Amma bu dəfə o gilizə baxışım tamam fərqli idi. Oyuncaq deyildi ki, bir insan taleyindən, həyatından bəhs edən kitab, film kimi idi.

Gilizin içindən çıxan kağız parçasında cəmi beş söz yazılmışdı: “Kərimli Qalası Müslüm, Hacıqabul-Muğan...”

Vətən Müharibəsində şəhid olan, nəşi beş aydan sonra tapılan Kərimli Qalasıya aid idi. Müharibənin ilk günlərində cibinə yazıb qoymuşdu ki, birdən döyüş zamanı bədəni bir neçə hissəyə ayrılsa, ya da tanınmaz hala düşsə, cibindən çıxan gilizlə kimliyi müəyyənləşdirilsin. Görünən odur ki, beş aydan sonra Qalasının da kimliyi o gilizin içindən çıxan kağız sayəsində müəyyənləşdirilib.

Ümumiyyətlə, insan yaşadığı müddət ərzində dəfələrlə ad-soyadını yazır, məktəbdə dəftərinin üstünə, imtahan verəndə boş blanka, kredit götürəndə müqaviləyə... Amma bunların heç birinin sonunda ölüm olmur - əksinə, bu adların yazılması insanın inkişafına yönəlmiş addım, gələcəyinə olan yatırımdır.

Kərimli Qalasının öz ad və soyadını yazıb boş gilizin içinə qoyması həyatının sonuna çatması ilə bağlı reallığı qəbul etməkdir. Ad-soyadını bir kağız parçasına yazıb boş gilizin içinə qoymaq Vətən uğrunda ölümün gözünə dik baxmaqdır, şəhidlik zirvəsinə ucalmaq üçün Allaha ərizədir. Qəbul olunan ərizə...

Emin Səfərov

Digər Xəbərlər
Xəbər Lenti