Premyer Liqanın 4-cü turunun "Sabah"la səfər görüşündə alınan məğlubiyyətdən (1:3) sonra "Sumqayıt"ın baş məşqşisi maraqlı açıqlaması ilə yadda qalıb.
Sitat: "Yay fasiləsində "Neftçi"dən aldığım təkilfə müsbət cavab vermədiyim üçün əsla peşman deyiləm.Ən azından öz şəhərimin komandasıdır, öz şəhərimin komandasının baş məşqçisiyəm. Ona görə heç vaxt peşman olmaram. Bir dəfə təklif gəlibsə, başqa vaxt da təklif gələ bilər. “Sumqayıt”la müqaviləm var idi və komandanı bəzi insanlar kimi qoyub-qaçmaq fikrində deyildim. Futbolçularıma inanıram və sona qədər onlarlayam".
O, "Neftçi"dən aldığı təklifə müsbət cavab verməməsi ilə bağlı danışarkən "ağ qaralar"ın sabiq prezidenti Kamran Quliyevin bostanına "daş atıb".
Belə ki, məhz Quliyev 2018-ci ilin fevral ayında 1 gecədə "Sumqayıt"ın prezidenti postundan ayrılaraq "Neftçi"nin başına keçmişdi.
Həmin mövsüm də "kimyaçılar"ın baş məşqçisi Samir Abasov idi.
Təcrübəli mütəxəssisin rəhbərliyi altında komanda uğurlu mövsüm keçirirdi.
Avrokuboklara namizədlər arasında adı çəkilirdi.
Məhz mövsümün sonuna yaxın tanınmış funksionerin "Sumqayıt"ı yarıda qoyub "ağ qaralar"ın başına keçməsi birmənalı qarşılanmamışdı.
Hətta Kamran bəy bəzi futbolçulara "Neftçi"yə gətirəcəyi ilə bağlı vədlər verdiyi iddialar arasındaydı.
Təbii ki, rəhbər şəxsin gedişi, futbolçuların fikrinin "Neftçi"də olması yekun nəticəyə birbaşa təsir etmişdi.
Və beləcə "Sumqayıt" həmin sezon ölkə çempionatını 5-ci pillədə tamamlamalı olmuşdu.
Haqlı olaraq sabiq rəhbərinin getmək qərarı Samir Abasova çox pis təsir etmişdi.
Bir neçə dəfə açıqlamalarında bunu dilə gətirmişdi.
Görünür, üzərindən 6 il keçsə də yaşananlar hələ də unudulmayıb.
XANOĞLAN / SPORTİNFO.AZ

