Xocalı sakinləri Prezidentlə nədən danışdılar? - SƏMİMİ DİALOQ

27 Fevral 15:50 Gündəm 215
Xocalı sakinləri Prezidentlə nədən danışdılar? - SƏMİMİ DİALOQ

Xəbər verdiyimiz kimi, fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xocalı rayonunda Xocalı soyqırımı memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Ölkə başçısı görüşdə sakinlərin fikirlərini dinləyib.

Kişi sakin: Sizə təşəkkür edirik, cənab Prezidentimiz. Otuz iki il öncə biz Xocalıdan məğlub çıxmışdıq, soyqırımına məruz qalmışdıq. Otuz iki ildən sonra biz Xocalıya qalib olaraq gəlmişik və bu qalibiyyəti bizə qazandıran Siz olmusunuz. Sizin rəhbərliyiniz, Sizin sərkərdəliyiniz, Sizin müdrik siyasətiniz biz xocalılılara, bütün Azərbaycan xalqına, bütün Türk dünyasına bu Qələbəni qazandırıb. Var olasınız, bütün xocalılılar adından Sizi öpürük, bağrımıza basırıq. Təşəkkür edirik, cənab Prezident, var olasınız.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Cənab Prezident, bir şəhid övladı kimi, biz də Sizə minnətdarıq bütün şəhid övladları adından. Mənim atam Xocalı soyqırımı zamanı ermənilər tərəfindən əsir götürülüb, özünümüdafiə batalyonunun döyüşçüsü olub. Onun sonrakı taleyi haqqında bu gün də bizim heç bir məlumatımız yoxdur. Məhz Sizin kimi bir sərkərdə ilə bu gün biz Xocalı soyqırımının 32-ci ildönümündə bu torpaqları ziyarət etmək o məzarsız şəhidlərimizin sanki məzarını ziyarət etmək qədər müqəddəs bir missiyadır. Xüsusilə Sizin ötən il oktyabrın 15-də, yəni Prezidentliyinizin 20-ci ilinin tamamında məhz Xocalıda Bayraq ucaltmağınız onu bir daha sübut etdi ki, bu neçə ildə ürəyiniz məhz Xocalıdan olan şəhid ailələri ilə birgə döyünür. Biz Sizə hər zaman minnətdarıq, Allah Sizi qorusun, Ordumuzu qorusun. Bütün şəhid övladları adından Sizə minnətdarıq.

Prezident İlham Əliyev: Çox sağ olun.

Kişi sakin: Cənab Prezident, bizim ailəmiz 1996-cı il fevralın 24-nə qədər tamamilə ümidinizi itirmişdi ki, bir daha nə Xocalını, nə də Qarabağı görməyəcəyik. 1996-cı il fevralın 24-də Ümummilli Liderimiz, böyük sərkərdəmiz, dünyaşöhrətli Heydər Əliyevimiz bizimlə - Xocalının şəhid ailələri, ziyalıları ilə görüş təyin etdi. Orada bizi əmin etdi ki, bir qarış torpağımızı da işğal altında qoymayacağıq. Onda demişdi ki, mən İlham Əliyevə özüm qədər inanıram. Onda mən hiss etdim ki, bu, onun gələcəyə verdiyi bir mesaj idi. O inanırdı ki, Ali Baş Komandanımız, cənab Prezident bunun öhdəsindən Siz gələcəksiniz, bunu Siz yerinə yetirəcəksiniz. Sizə böyük təşəkkürümüzü, minnətdarlığımızı bildiririk ki, bu gün bu şərəfi, bu şöhrəti bizə qazandırdınız. Çox sağ olun. Sizə minnətdarıq.

Prezident İlham Əliyev: Sağ olun. Çox sağ olun.

Kişi sakin: Cənab Prezident, bu gün diqqətinizə çatdırmaq istəyirəm ki, mən “Azərbaycan Bayrağı” ordenli həkiməm. 1994-cü ildə məhz Ulu Öndərin Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüşəm. 1996-cı ildə həmin ordeni mənə şəxsən özü təqdim edən vaxt mən xocalılıların bir arzusunu çatdırmışdım ki, kaş o gün olsun, torpaqlarımız azad edilsin və biz Sizinlə Xocalıda görüşə bilək. Həmin gün bu günə təsadüf edir. Ulu Öndərin daxili və xarici siyasətini çox uğurla davam etdirən məhz Sizin sayənizdə bu gün doğma, azad Xocalımızdayıq. Çox sağ olun, var olun. Allah Sizi qorusun.

Kişi sakin: Cənab Prezident, vaxtınızı çox almayaq. Bütün xocalılıların Ulu Öndərimiz qarşısında verdiyi bir vəd var. Mən vermişəm o vədi Ulu Öndərimizə. Mən demişdim ki, cənab Prezidentimiz, Sizin rəhbərliyinizlə biz torpaqlarımızı işğaldan azad etdikdən sonra Xocalının ən dəyərli, görkəmli bir yerində Sizin abidənizi ucaldacağıq. Cənab Prezidentimiz, Sizdən çox xahiş edirik, necə ki, bax bu yeri uğurla seçmisiniz, Xocalının ən dəyərli bir yerində Ulu Öndərimizin abidəsini ucaltmağı bütün xocalılılar adından Sizdən xahiş edirik.

Prezident İlham Əliyev: Çox sağ olun.

Sakinlər: Çox sağ olun, təşəkkür edirik.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı