COP29

Bakının səbri tükənir – İrəvan təcili bunu etməsə..

28 Noyabr 2023 15:50 Gündəm 484
Bakının səbri tükənir – İrəvan təcili bunu etməsə..

Ermənilərin “artsax” sevdasından tezliklə qurtulacağını gözləmək, 30 il miflə yaşayanların ondan asanca imtina edəcəyini düşünmək əlbəttə, sadəlövhlük olardı. Əgər bu bizim tanıdığımız məxluqatdırsa, arxayınlaşmağa lüzum yox. Üstəlik nəzərdə alanda ki, hay toplumunun taleyi böyük ölçüdə özünün yox, xaricdəki məkrli sponsorların, anti-Türk havadarların əlindədir, vəziyyət bir az da qəlizləşir.

Təəssüf ki, Ermənistanda əsl sülh tərəfdarları hələlik çoxluqda deyil. Ona görə ki, cəmiyyət, onun siyasi kəsimi, erməni mediası “bəlkə də qaytardılar” havasından çıxa bilmir. Yoxsa 44 günlük müharibədən dərhal sonra Azərbaycan və Türkiyə ilə barışıq, anlaşma reallaşar, sərhədlər, yollar, kommunikasiyalar açılardı...

“Artsaxdan Ermənistana köçən deputatlar gələn həftə (qondarma – red.) parlamentin növbədənkənar sessiyasını çağırmaq niyyətindədirlər”.

Bu barədə “Joxovurd” erməni qəzeti yazıb.

“İclasın gündəliyi və onun keçiriləcəyi dəqiq tarix hələ müəyyənləşməyib. Məsələ ilə bağlı müzakirələr davam edir. Əldə etdiyimiz məlumata görə, bütün Artsax fraksiyaları görüşdə iştiraka ilkin razılıq veriblər. Parlamentin sessiyasının nəticələri nə olacaq, yaxın gələcəkdə hansı hadisələr yaşanacaq, bunu zaman göstərəcək”, - nəşr əlavə edib.

Xatırladaq ki, rəsmi İrəvan Ermənistanda mifik qurumun heç bir “institutu”nun fəaliyyətinə imkan verilməyəcəyini bəyan edib və bunu ölkənin milli təhlükəsizliyə təhdid olaraq qiymətləndirib.

Ancaq belə bir təxribat hər halda baş tutarsa, artıq o demək olacaq ki, ya Paşinyan iqtidarı ölkədaxili duruma tam nəzarət edə bilmir və ya loyallıq göstərir, ikili oyun oynayır, ya da Rusiya “separatçı kartı” təzədən – indi də Ermənistandan, həm də öz əlaltıları vasitəsilə işə salmağa qərar verib...

Bu yerdə onu da yada salaq ki, az öncə Moskva Putinin tapşırığı ilə İrəvana, Qarabağın keçmiş erməni sakinlərinə 40 ton humanitar yük göndərib - faktiki belə bir yardıma lüzum olmadığı halda. Yəni separatçı ünsürlərə siyasi jest məsələsi, “Rusiya hələ də sizinlədir” mesajı.

Separatçıların təxribatçı əməli reallaşsa, bu həmçinin kövrək sülh prosesinə növbəti zərbə olacaq. Eyni zamanda, bir daha qənaət hasil olacaq ki, İrəvan Bakı ilə barışıq sənədi imzalamaq məsələsində qətiyyən səmimi deyil, ərazi iddiasından əl çəkməyə hazırlaşmır və vaxt uzatmaqla məşğuldur. Deməli, Azərbaycan da öz mövqeyinə müvafiq korrektələr etmək zorunda qalacaq...

Ermənistan nəhayət, anlamalıdır ki, o qalib yox, məğlub tərəfdir, özü də məğlubiyyəti, kapitulyasiyanı yüz faiz haqq eləmiş bir tərəf. Odur ki, özünü məğlub kimi aparmalıdır, qalib ədası ilə, sanki heç nə olmayıbmış kimi yox. “Miatsum” qatarı, “status” vaqonu çoxdan gedib. Erməni ictimai-siyasi qüvvələri bu bəsit gerçəyi nə qədər tez dərk edib anlasa, bir o qədər öz xalqı üçün yaxşı olar, iki qonşunun barışığı tezləşər.

50 faiz sülh olmur, o ya var, ya da yoxdur. Alternativi isə həmişə müharibədir, qarşıdurmadır, dava-dalaşdır. Gözləyək görək, Nikol budəfəki sınaqdan necə çıxacaq. O həqiqətən Azərbaycanla sülh sazişində maraqlıdır, yoxsa xaricdəki ağalarının əlində maşa, çömçə olmağa davam edib daha bir müharibə istəyindədir...

Yada salaq ki, İrəvanda hələ də mifik “dqr nümayəndəliyi” fəaliyyət göstərir. Məntiqlə “sorosçu” baş nazir öncə onu bağlamaq göstərişi verməlidir, əgər gerçəkdən Azərbaycanla barışığa alternativ görmürsə, dialoq kursunu tərcih edirsə.

Əfsus ki, bunu əminliklə demək mümkün deyil. Əgər Paşinyan və komandası Azərbaycanı hər gün etnik təmizləmədə ittiham edirsə, o zaman Azərbaycanla necə sülhdə maraqlı olduğunu iddia edə, ədalətli anlaşmadan dəm vura bilər?

Bu istisnadır. İkisindən biri olmalı: ya sülh naminə pozitiv mövqe tutmalısan, pozitiv olmalısan, ya da düşmənçiliyi, revanşist hissləri davam etdirməklə yeni müharibəni “sifariş” edəcək, yaxınlaşıdracaqsan. Savaş və separatizm gündəmi ilə, qarayaxma ritorikası ilə sülhə çatmaq mümkünsüz!..

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"