“AFFA böyük iş gördü, indi növbə Mingəçevirdədir”

20 Sentyabr 2023 19:40 Gündəm 1 280
“AFFA böyük iş gördü, indi növbə Mingəçevirdədir”

“AFFA böyük iş gördü, Tovuzdan sonra Gəncədə futbol akademiyası tikdi.

Düşünürəm ki, indi növbə Mingəçevirdədir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin veteran müdafiəçisi Ramiz Məmmədov deyib.

Mingəçevirin Azərbaycan futboluna bəxş etdiyi ən tanınmış sima olan mütəxəssis federasiyanın Bakıdan kənarda akademiyaların fəaliyyətinə ciddi diqqət ayırdığını bildirib:

“Mən AFFA-nin bu siyasətini təqdir edirəm. Doğrudan da, böyük və mühüm iş görürlər.

Tovuz və Gəncədə uşaq futboluna diqqət artırılmalı idi və artırıldı. Vaxtilə “Kəpəz” və “Turan”da çıxış etmiş bir futbolçu kimi mən AFFA-nın hər iki şəhərdə akademiya yaratmasına sevinirəm.

Çox istərdim ki, bundan sonrakı akademiya Mingəçevirdə açılsın. Mən bunu şəhərimizin çoxminlik idman ictimaiyyətinin adından deyirəm.

Mingəçevir böyük, respublikamızın ictimai-sosial həyatında mühüm əhəmiyyəti olan şəhərdir.

Mingəçevir futbol şəhəridir. Azərbaycanın milli komandalarına neçə-neçə istedadlı futbolçu verib. Ölkənin ərazisinə görə ən böyük stadinlarından biri bu şəhərdə yerləşir.

Yaşar Məmmədzadənin adını daşıyan o stadionun ərazısində bütün standartlara cavab verən akademiya tikmək, baza salmaq mümkündür.

Bilirik ki, AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyev regionlarda futbolun inkişafını istəyir. Onlar bunun üçün çox çalışırlar.

Biz veteranlar AFFA-nın hazırkı fəaliyyətinə baxıb sevinirik. Son 1 ildə ciddi irəliləyiş görürük.

AFFA Rövnəq müəllimin rəhbərliyi altında ölkə futbolununinkişaflı naminə nə qədər addımlar atıb. Çox istərdik ki, o və Sərxan müəllim yaxınlarda Mingəçevirə səfər etsin.

Baş katıb yaxınlarda Tovuz, Şəmkir və Gəncədə oldu. İndi də biz onların yolunu böyük səbirsizliklə çalışırıq.

Sərxan müəllimi yaxşı tanıyırıq, dürüst və ləyaqətli insandır. İnanırıq ki, AFFA rəhbərliyi olaraq, Mingəçevirin futbol ictimaiyyyətini də sevindirəcəklər.

Mingəçevirdə futbol adamlarının əksəriyyəti işsizdir. Akademiya açılsa, həm onlar işlə təmin olunacaq, həm də futbolumuza kifayət qədər istedadlı uşaq və yeniyetmə qazandıracaqlar.

Bu, eyni zamanda AFFA-nın dövlətin idman və işsizliyin ləğvi ilə bağlı siyasətinə tam uyğun olardı.

AFFA Mingəçevirdə akademiya tikmək istəsə, əminəm ki, icra başçısı İkram müəllim, yerli idman idarəsi və iş adamları da onlara kömək olacaq.

Mən Mingəçevirdən xeyli iş adamı tanıyıram ki, futbola dəstək verməyə hazırdır. Onlar, sadəcə, AFFA-dan bir çağırış gözləyirlər.

Rövnəq Abdullayev və Sərxan Hacıyev İcra Hakimiyyəti ilə birlikdə bu işə başlasa, həmin insanlar da şəhərimizdə futbolun inkişafına öz tövhələrini verəcəklər”.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!