Putindən Əliyevə xüsusi jest və...

30 May 2023 07:50 Gündəm 939
Putindən Əliyevə xüsusi jest və...

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev həmkarı Vladimir Putinin dəvəti ilə ilk dəfə Moskvada Avrasiya İqtisadi Şurasının iclasına qatıldı. Özü də iclasın keçirildiyi zala o, Putinlə birlikdə daxil oldu.

Azərbaycan dövlət başçısı toplantıda xüsusi qonaq qismində çıxış edirdi.

Azərbaycanda isə bəziləri bu faktı ölkəmizin Avrasiya İqtisadi Birliyinə qoşulmağa hazırlaşmasının təzahürü kimi təqdim edirlər. Halbuki Prezident öz çıxışında 4 ildir Qoşulmama Hərəkatına uğurla sədrlik edən Azərbaycanın müstəqil və balanslı xarici siyasət kursuna sadiq qaldığına məxsusi diqqət çəkdi. O sırada iqtisadiyyatımızın şaxələndirilməsindən də söz açdı.

Zaman-zaman rəsmi Moskva Azərbaycanın AİB-ə üzv olması arzularını dilə gətirib. Eləcə də Gömrük İttifaqına qoşulmağa da çağırışlar olub. Hətta AİB-də müşahidəçi statusu qismində Azərbaycanın iştirakı arzulanıb. Lakin rəsmi Bakı Şərq-Qərb strateji qarşıdurmasında heç zaman tərəf olmayıb. Ona görə də bu tədbirdə iştirakı təşkilata üzvlüyə hazırlıq kimi qiymətləndirmək çox tezdir.

Bəs belə tələskən ehtimalı irəli sürənlərin arqumentlərində əsas varmı? Putinin Əliyevə jesti ən əvvəl nə ilə bağlı ola bilər? Niyə məhz indi - 2023-cü ildə o, Azərbaycan Prezidentini Avrasiya İqtisadi Birliyinin ali toplantısına dəvət etdi?

“Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib”.

Bu barədə Azərbaycan Prezidenti Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcminin daha 38 faiz artdığını söyləyən dövlət başçısı deyib: “Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Biz əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük”.

Sülhəddin Əkbər: "Azərbaycan lazım bilsə, Rusiya sülhməramlılarını  Qarabağdan çıxarar'' - BBC News Azərbaycanca

Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər ölkəmizin AİB-ə üzvlük gözləntilərini qəzetimizə şərh edərkən bildirdi ki, ilk növbədə Rusiyanın Ukraynaya təcavüzkar hücumu uğurla nəticələnsəydi, bu perspektiv Azərbaycan üçün açılacaqdı. Onun sözlərinə görə, o zaman artıq Rusiya imperiyanı bərpa etmək xətti götürəcəkdi və Azərbaycan bundan kənarda qalmayacaqdı.

“Xatırlatmaq istəyirəm ki, Ukraynaya hücumu ərəfəsində 22 fevralda Rusiya və Azərbaycan müttəfiqlik bəyannaməsi imzaladılar. Bu da göstərir ki, əgər proseslər Rusiyanın xeyrinə inkişaf etsəydi, Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzvlükdən kənarda qalmayacaqdı. Ancaq nə yaxşı ki, hadisələr əks istiqamətdə inkişaf etməkdədir. Lakin bir məsələni də gözardı etmək olmaz - əgər Azərbaycan Qarabağ məsələsinin həllində Rusiyaya “stavka” edərsə, yəni Moskva ilə münasibətlər əsasında problemin həllini görürsə, onda bu perspektiv yenidən aktuallaşa bilər. Yox, Rusiya Ukraynada məğlub olacaqsa, bu məsələ bağlanacaq. Ona görə bu suallara cavab tapmaq üçün zamanı gözləməliyik və düşünürəm ki, Prezident də tələsməyəcək", - deyə S.Əkbər vurğuladı.

“Bəs iqtisadi birliyə qoşulmaqla Azərbaycanı hansı risklər gözləyir” sualımıza cavabında politoloq qeyd etdi ki, üzvlüyün öz riskləri var və bunu Prezident Əliyev görməyə bilməz: “Dünya geopolitik olaraq iki qütbə ayrılıb. Hazırda demokratik ölkələr bir blokdadır, qarşısında isə anti-demokratik rejimlərin bloklaşması başlayıb. Bu zaman Azərbaycan seçim etməli olacaq: ya demokratik dünyada, ya Şimali Koreya, Çin, Rusiya ilə bir blokda. Lakin Azərbaycanın yeganə müttəfiqi olan qardaş Türkiyənin NATO üzvü olduğunu, Avropa Birliyinə namizədliyini, həmçinin ölkəmiz üçün əsas bazarın Qərb olduğunu nəzərə alsaq, Azərbaycanın Türkiyə ilə birgə addımlar atmaqdan başqa yolu qalmır. Əks halda embarqolara, sanksiyalara hazır olmaq lazımdır”.

Azad MƏSİYEV

Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Avrasiya İqtisadi Birliyi təsis ediləndə Azərbaycanın daxil olması təklif edilmişdi. “Ancaq o dövrdə Bakının şərtləri var idi: birincisi, Ermənistan üzv idi, təşkilatda təməl prinsiplərdən biri isə sərhədlərin açılmasıdır. Həmin vaxt Bakı bəyan etdi ki, biz Ermənistanla münaqişədəyik və sərhədləri açmaq real deyil. Ona görə üzvlük baş tutmadı. İndisə situasiya fərqlidir. Əgər iki ölkə arasında sülh müqaviləsi bağlanarsa, Ermənistan dinc və yanaşı yaşamaq şərtlərini qəbul edərsə, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyündə problem olmayacaq. Çünki üzv ölkələrlə ikitərəfli əməkdaşlıq mövcuddur. MDB dövlətləri ilə siyasi əməkdaşlıq var, Türk Dövlətləri Təşkilatında əməkdaşlıq genişlənməkdədir”, - deyə ekspert vurğuladı.

A.Məsiyevin fikrincə, unutmayaq ki, Azərbaycan balanslı siyasət yürüdür və Qoşulmama Hərəkatındadır: “Eyni zamanda, iqtisadi məsələlərdə Avropanın qaz tələbatında mühüm rol oynayırıq. Ona görə Azərbaycanın üzvlüyündə iqtisadi baxımdan problem yoxdur. Digər tərəfdən, Rusiya və Azərbaycan liderlərinin şəxsi münasibətləri yüksəkdir. Bu özünü görüşlərdə, toplantılarda göstərir. Biz görüntülərə baxanda da şahid oluruq ki, Putinlə Əliyev arasında ciddi etimad mövcuddur və gələcəkdə əlaqələrin inkişafı artacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı