
“Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan iyunun 20-nə təyin edilmiş parlament seçkilərində partiyalar blokunun rəhbəri qismində qatılacağını bəyan etdikdən sonra Rusiyanın “Birinci kanalı”nda yayımlanan “Pozner” verilişinə müsahibə verdi.
Bu müsahibəni necə qiymətləndirmək lazımdır və bu kimə mesajdır?”
Sportinfo.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, özünü “müstəqil” jurnalist kimi qiymətləndirən Vladimir Pozner Kremlin təlimatıyla Robert Koçaryandan müsahibə götürüb:
“Kreml bununla Paşinyana və erməni cəmiyyətinə mesaj göndərib ki, Köçəryanın ölkəsində aşağı reytinqinə baxmayaraq, ona inanır və güvənir.
Kreml bilir ki, Koçaryanın formalaşdırdığı blok Paşinyan üzərində qələbə çalmayacaq, ancaq heç olmasa parlamentdə ana müxalifət statusunu qazanacağını hesab edir.
O ki qaldı Koçaryanın Qarabağla bağlı söylədiklərinə, reallığı ortaya qoyub. O deyib ki, Ermənistan indiki halı ilə itirdiyi əraziləri geri qaytara bilməyəcək.
Buna baxmayaraq, Koçaryan mövcud anlaşmaları ədalətli hesab etmir. Gəncliyindən bu yana siyasi fəaliyyətini Azərbaycan torpaqlarının işğalı və soyqırımlar üzərində formalaşdıran şəxsdən “Dağlıq Qarabağ Azərbaycana aiddir” açıqlamasını gözləmirdik”.