Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatında uğurla çıxış edərək 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan sərbəst güləşçilərimiz ötən gün vətənə qayıdıb. Sportinfo.az xəbər verir ki, milli komandamızın Heydər Əliyev beynəlxalq hava limanında qarşılanma mərasimi keçirilib.
Giorgi Edişeraşvili bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Murad Süleymanov, Aleksandr Qostiyev və Cəmaləddin Məhəmmədov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Komandamızın digər üzvü Ruslan Dibirhacıyev isə çempionatı 3-cü yerdə başa vurub.
Qarşılanma mərasimində yığmanın məşqçiləri və idmançılar jurnalistlərin suallarını cavablandırıblar. Sərbəst güləşçilərimiz komanda hesabında 57 xalla Avropa ikincisi olublar. Rusiya 62 xalla birinci, Türkiyə isə 53 xalla üçüncü yeri tutub.

