"Biz daim bir-birimizə dəstək veririk, yaxşı və dar gündə bir yerdəyik”

9 Aprel 02:40 Güləş 295
"Biz daim bir-birimizə dəstək veririk, yaxşı və dar gündə bir yerdəyik”

"Olimpiadada bir yox, bir neçə qızıl medal qazana bilərik".

Sportinfo.az xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edən Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov (86 kq) jurnalistlərə açıqlamasında deyib.

Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində finala yüksələrək olimpiadada iştirak hüququna yiyələnən 25 yaşlı idmançı doğma arenada qələbə qazandığı üçün sevincini gizlətməyib:

“Azərbaycan mənim ikinci vətənimdir. Artıq 7-8 ildir burada yaşayıram. Bütün məşqçilərimə təşəkkürümü bildirirəm. Doğma meydanda qalib gəldiyim üçün çox şadam”.

Güləşçi komanda yoldaşlarının da bu gün uğurlu çıxış etdiklərini söyləyib:

“Komandamız bu gün 4 lisenziya qazanmaqla çox yaxşı formada olduğunu göstərdi. Qarşıda isə bizi olimpiada gözləyir. Artıq Parisdəki mötəbər yarışa hazırlaşacağıq”.

O.Nurmaqomedov Fransada təşkil ediləcək olimpiadadakı əsas rəqibini də açıqlayıb:

“Olimpiadada əsas rəqibim amerikalı David Teylordur. Mənim çəki dərəcəmdə çoxlu çempionlar var, amma qalib olmaq istəyirəm. İstənilən rəqibə qalib gəlmək mümkündür”.

İdmançı turnirin ilk iki günündə uğursuz çıxış edən yunan-Roma və qadın güləşçiləri barədə də danışıb:

“Oteldə söhbət edərkən ilk iki gündə lisenziya qazana bilməyən güləşçilərimizə görə narahatlıq keçirdiyimizi bildirirdik. Yunan-Roma və qadın güləşçilərimiz üzülməsinlər.

Onların bəxtləri gətirmədi. İnanıram ki, gələn ay İstanbulda keçiriləcək Dünya Olimpiya Təsnifat turnirində uğurlu olacaqlar.

Biz daim bir-birimizə dəstək veririk, yaxşı və dar gündə bir yerdəyik”.

Digər Xəbərlər
Xəbər Lenti