"Biz heç kimdən çəkinmirik, qorxan gözə çöp düşər"

22 Fevral 03:20 Güləş 300
"Biz heç kimdən çəkinmirik, qorxan gözə çöp düşər"

"Bu dəfə qızıl medal olmadı. Lakin hər çəkidə bunun üçün yaxşı şansımız var idi".

Sportinfo.az xəbər verir ki, bu sözləri sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Xetaq Qazyumov deyib.

Yığmanın Avropa çempionatındakı nəticələrini şərh edən mütəxəssis qızıl medal qazana bilmədikləri üçün təəssüfləndiyini bildirərək qeyd edib:

“Hər çəkidə medal qazansaydıq, çox gözəl nəticə olardı. Çox sevindirici haldır ki, Nurəddin Novruzov, Arseni Cioyev kimi gənclər yaxşı performans göstərdilər, ilk dəfə “üçlüy”ə düşdülər. Bu, çox yaxşıdır, digər gənclərimizə nümunədir. Onlar da bacara bilərlər. Bu, gələcək üçün çox gözəl nəticədir”.

Maqomedxan Maqomedova böyük ümidlər bəslənildiyini söyləyən baş məşqçu vurğulayıb:

“Ümid edirdik ki, qızıl medal alacaq. Təəssüf ki, finalda çıxışı alınmadı, gümüşlə kifayətləndi. Ümumilikdə çıxışımıza “4” qiyməti vermək olar. Hər zaman qalib gəlmək, qızıl medallar qazanmaq istəyərik. Komandamız üçüncü yeri tutdu. Keçən ilin nailiyyətini təkrarlamaq istəyirdik, lakin hər dəfə qalib gəlmək alınmır. Ümid edirik ki, gələn dəfə birinci olacağıq. Hər dəfə daha yaxşı olmağa çalışacağıq”.

Baş məşqçinin sözlərinə görə, medal sayına görə komandanın nəticəsi çox yaxşıdır.

“Yeni adlar kəşf etməyimiz, mükafat almağımız gənc nəsil üçün çox vacibdir. Hamı onlara baxacaq və daha yaxşı olmağa çalışacaq. Avropa çempionatında rəqabət xeyli artıb. Çünki çox sayda rusiyalı idmançı başqa ölkələrin bayrağı altında çıxış etməyə başlayıb. Bu isə onu göstərir ki, “Paris-2024” Yay Olimpiya Oyunlarında güclü rəqabət olacaq. Amma biz heç kimdən çəkinmirik. Qorxan gözə çöp düşər. İstənilən rəqibə qarşı mübarizə aparmağa hazırıq. Bizə lazım olan lisenziyaları əldə etməyə çalışacağıq. Bizi qarşıda çox ciddi iki təlim-məşq toplanışı gözləyir. Onların arasında Yaşar Doğu turniri də olacaq. Orada gənc idmançılarımızı sınaqdan keçirəcəyik. Əsas komanda isə Bakıda keçiriləcək lisenziya turnirinə hazırlaşacaq”, - deyə o əlavə edib.

Sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatında 1 gümüş və 6 bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!