Onuncu dəfə çempion olan Mariya "Qarabağ"ı niyə gözdən qaçırıb?

21 Fevral 03:00 Güləş 492
Onuncu dəfə çempion olan Mariya "Qarabağ"ı niyə gözdən qaçırıb?

Sportinfo.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanmaqla öz çəkisində 10-cu dəfə qitənin ən güclüsü olan Mariya Stadnik (50 kiloqram) AZƏRTAC-ın suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik.

- Güləş üzrə Avropa çempionatında qazandığınız tarixi qələbəni necə şərh edərdiniz?

- Bəli, bu, mənim üçün xüsusi yubiley medalıdır. Ötən il Avropa çempionatında doqquzuncu dəfə qalib gələndə bu turnirdə bayrağımızı 10-cu dəfə dalğalandırmaq istədiyimi demişdim. Şadam ki, verdiyim sözə əməl etdim. Bayrağımız yenidən bütün Avropa üzərində yüksəldi.

- Onuncu dəfə Avropa çempionu olmaq sizin üçün hansı mənanı ifadə edir?

- Çox böyük sevinc hissi keçirirəm. Yaxşı komandam var. Mənimlə işləyən bütün insanlara, xalçada görünməyən qəhrəmanlara minnətdaram. Məhz həmin insanların sayəsində uzun illərdir bu cür nəticələrə nail oluram. Həm özüm, həm də Azərbaycanın qadın güləşi üçün tarix yaza bildim. Ona görə də 10-cu Avropa çempionluğu üçün çox böyük fəxrdir.

- Türkiyəli Evin Demirhanla final görüşü kifayət qədər gərgin alındı. Hətta aranızda insident də baş verdi. Xoşagəlməz hadisə nədən qaynaqlandı?

- Fənd işlətdiyim an türkiyəli idmançı məni dişlədi. Onu yerə yıxdıqca dişlərini daha bərk sıxırdı. Güləşdə bəzən elə anlar olur ki, rəqibi dişləyib tez də buraxırsan. O isə məni buraxmaq istəmirdi (gülür). Düşündüm ki, ayağa qalxanda dərimin bir parçası onun dişlərinin arasında qalacaq. Əvvəl fikirləşdim ki, təsadüfən dişlədi. Sonra gördüm ki, buraxmır. Ona görə ayağa qalxanda bir qədər əsəbi idim. Rəqibim bunu hansısa fənd işlətməyə gücü çatmadığı üçün etdi. Başa düşürdü ki, uduzur. Başqa yolu qalmamışdı. Amma belə etmək olmaz. Final qarşılaşmasından sonra onunla söhbət etdik. Hər şeyə aydınlıq gəldi və hər kəs bundan razı qaldı.

- Hazırda 36 yaşınız olmasına baxmayaraq, Avropa çempionatında qarşılaşdığınız hər üç rəqibə asanlıqla və böyük hesabla qalib gəldiniz. Deyəsən, “ikinci nəfəs” açılıb...

- Bu, kənardan asan görünə bilər. Hazırkı səviyyəyə çatmaq, həmin qələbələri qazanmaq üçün çox böyük əziyyət çəkmişəm və bu ağır iş illərlə davam edib. Bəli, “ikinci nəfəs” açılıb. Olimpiya çempionumuz Toğrul Əsgərovla işləməyə başlamışam. O, mənə motivasiya verir. Deyir ki, Olimpiya Oyunlarının qızıl medalını qazana bilərəm. Onunla işləmək çox xoşuma gəlir. Toğrul mənə idmanla məşğul olmağa başlayanda yaşadığım bütün emosiyaları xatırlatdı. Həmin vaxt məndə qalib gəlmək hissi çox güclü idi. İndi özümü daha motivasiyalı hiss edirəm.

- Mariya Stadnik adını Azərbaycanın güləş tarixinə qızıl hərflərlə yazdırmısınız. Yəqin ki, uzun illər qadın güləşində bu rekordu yeniləmək mümkün olmayacaq...

- Bu rekordun çox qalıb-qalmayacağını bilmirəm. Əlbəttə, istərdim ki, azərbaycanlı qızlar da belə nəticələr əldə etsinlər. Şadam ki, onlara nümunə göstərə bilirəm, nəyə nail ola biləcəklərini dərk edirlər. Mənimlə eyni zalda hazırlaşır, uğur qazanmağın mümkün ola biləcəyini görürlər. Nümunə gənc idmançılar üçün hər zaman böyük motivasiyadır. İstərdim ki, məndən sonra bizim qızlar hətta 15 qat, 20 qat Avropa çempionu olsunlar. Şadam ki, onlar üçün bir hədd müəyyənləşdirdim, bu rekordu qırmağa can atacaqlar. Necə işləmək lazım olduğunu bilirlər. Nə qədər çox çempionumuz olarsa, bu, yalnız ölkəmizin, güləşimizin, idmanımızın xeyrinədir. Allah qızlarımıza mənim rekordlarımı qırmağı nəsib etsin.

- Futbolla aranız necədir? Məsələn, sizinlə eyni gündə “Qarabağ” da Portuqaliyada tarix yazdı. Həmin görüşü izləyə bildiniz?

- Adətən futbola baxıram. Təəssüflər olsun ki, həmin gün çox məşğul idim, çünki finalda güləşmişdim. Ona görə də futbolu izləyə bilmədim. Buna baxmayaraq, komandamızın qələbəsinə çox şadam. Bu Azərbaycanımız üçün fəxrdir. Allah bütün idmançılarımıza ölkəmizin sevinci naminə daha çox qələbələr nəsib etsin.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"