"Mikayıl Cabbarovun seçilməsi göstərir ki, dövlətimizin səyləri boşa getmir"

6 Aprel 2022 02:30 Güləş 480
"Mikayıl Cabbarovun seçilməsi göstərir ki, dövlətimizin səyləri boşa getmir"

"Sevinirəm ki, güləşimiz əmin əllərdədir, islahatlar öz sözünü deyir".

Sportinfo.az xəbər verir ki, bunu Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında 82 kq çəki dərəcəsində qızıl medal qazanmış Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov deyib.

34 yaşlı pəhləvan karyerasında üçüncü dəfə qitə çempionluğu əldə etməsi ilə bağlı təəsüratlarının çox yaxşı olduğunu bildirib:

"Bu uğura imza atdığım üçün çox xoşbəxtəm. Çünki Azərbaycan xalqını, yaxınlarımı, dostlarımı və ailəmi sevindirmişəm. Tək özümə yox, komanda yoldaşlarıma görə də sevinirəm.

Komandanın 70 faizi gənclərdən ibarətdir. Veteranların öz sözlərini demələrinə baxmayaraq, gənclər də bizdən arxada qalmadılar. Biz - veteran güləşçilər idmanla vidalaşandan sonra gənclər bu yolu layiqincə davam etdirəcəklər".

2021-ci ilin dünya çempionu millinin heyətinin tam oturuşduğunu söyləyib: "Qarşıda bizi mötəbər yarışlar gözləyir. Bu il ən vacib sınağımız Dünya Kubokudur.

Bu, komanda yarışı sayıldığı üçün kollektivin oturuşmuş vəziyyətdəki halı lazımdır. Düşünürəm ki, komandamız bu baxımdan hazır vəziyyətdədir".

Hüseynov hazırda Azərbaycan Güləş Federasiyasında islahatların aparıldığını diqqətə çatdırıb:

"İqtisadiyyat naziri Mikayıl Cabbarov federasiya prezidenti seçilib. Bu nəticələr göstərir ki, dövlətimizin səyləri boşa getmir.

Bizdən əvvəl U-23 yığmamız uğurla çıxış edib, indi isə sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız Avropa çempionu adını qazanıb. Bu, bizim doğru yolda olduğumuzu sübut edir".

İdmanda ikinci gəncliyini yaşayan titullu güləşçi hələlik karyerasını bitirməyi düşünmədiyini də əlavə edib:

"İdmanda yüksəliş olduğu kimi, eniş də var. Sadəcə, sevdiyim işlə məşğulam.

Bu gün Avropa çempionu olmuşamsa, o demək deyil ki, qarşıdakı dünya və Avropa çempionatlarında güləşəndə mütləq çempion olmalıyam. İdmanda bəzən hər şey istədiyin kimi olmur.

Nəticə vermişəm və hələlik döşəkdəyəm. Bundan sonra şərait olsa, sağlamlığım imkan versə, karyeramı davam etdirəcəyəm.

Yığmada məndən güclüsü olsa, hansı ki, bunu arzulayıram, həmin vaxt məşqçilər sırasında oturacağam. Həsən Əliyev və Röşvən Bayramovla yanaşı oturacaq və biliklərimi gənclərlə bölüşəcəyəm".

Digər Xəbərlər
Xəbər Lenti