"Çempion olmaq istəyirdim, lakin tam hazır deyildim"

1 Aprel 2022 13:40 Güləş 990
"Çempion olmaq istəyirdim, lakin tam hazır deyildim"

"Dördüncü dəfə Avropa çempionu olmaq istəyirdim, lakin tam hazır deyildim".

Sportinfo.az xəbər verir ki, bunu Macarıstanın paytaxtı Budapeştdə 65 kq çəki dərəcəsində Avropa vitse-çempionu olan Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

31 yaşlı pəhləvan bildirib ki, hədəfi olimpiya çempionluğudur:

"Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra bir neçə aylıq fasilə götürdüm. İstirahəti başa vurduqdan sonra düşündüm ki, cəmi 2 ildən sonra növbəti olimpiadadır və Paris-2024-də iştirak edə bilərəm.

Artıq gələn il ilk lisenziya yarışı olacaq. Avropa çempionatı öncəsi millinin sonuncu təlim-məşq toplanışında iştirak etdim və yenə də medalsız gəlmədim.

Yaxşı nəticə göstərdim. Hədəfim Olimpiya çempionluğudur. İnanıram ki, Parisdə qızıl medal qazanacam".

Avropa çempionatına baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi yarışa tam heyətlə yollanan Azərbaycan millisinin 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb.

Maqomedxan Maqomedov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc medal qazanıb.

Yekunda 159 xal toplayan Azərbaycan yığması ümumi komanda hesabında Avropa çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti