"Bu yarışa tam heyətlə yollanmadıq".
Sportinfo.az xəbər verir ki, bu sözlər yunan-Roma güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsən Əliyevə aiddir.
Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan komanda Bakıya qayıdıb.
Qitə birinciliyinə böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyev və Həsən Əliyevin rəhbərliyi altında 6 idmançıyla qatılan yığma 5 medala sahib çıxıb.
Bu, güləşin bu növündə U-23 Avropa çempionatlarında medal sayına görə rekord göstəricidir.
Yarışda Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) qızıl, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyevlə (87 kq) Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıb.
H.Əliyev bütün güləş ailəsini və qələbələrinə sevinən hər kəsi təbrik etdiyini söyləyib: "İki çəkidə yer alan güləşçilərimizi böyüklərin Avropa çempionatına hazırlaşdığı üçün Plovdivə aparmadıq.
Bəzi çəkilərdə isə zədə problemiylə üzləşdik. Daha 3-4 medal əldə edə bilərdik. Altı çəkidən beşində medal qazanmaq böyük uğurdur.
Bu nəticələr idmançıları daha da həvəsləndirəcək. Məşqçilər olaraq əlimizdən gələni edirik ki, güləşçilərimiz belə yüksək nəticələrə imza atsınlar".

