Bu gün Azərbaycanda 1-ci Türk Şurası Universitet İdman Oyunları (Türk Universiadası) start götürür.
Sportinfo.az xəbər verir ki, Universiadanın proqramına altı idman növü salınıb.
Bunlar futzal, voleybol, şahmat, stolüstü tennis, cüdo və güləşdi. Açılış mərasimi saat 17.00-da Bakı İdman Sarayında keçiriləcək. Qarşılaşmalar saat 10.00 – 18.00 aralığında baş tutacaq. Bağlanış mərasimi aprelin 9-da gerçəkləşəcək.
Ancaq universiadanın proqramına daxil edilən idman növlərindən elələri var ki, cəmi iki ölkə təmsil olunur. Bunlar futzal və kişi voleyboludu.
Konkret futzaldan danışırıqsa, əvvəl turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan və Qırğızıstan yığmalarının mübarizə aparacağı deyilirdi. Ancaq qəzetimizin ötən sayında xəbər verdiyimiz kimi, Qazaxıstan və Qırğızıstan turnirdən imtina edib.
Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorundan verilən açıqlamada imtinanın səbəbi maliyyə çatışmazlığı ilə izah olunur:
“Qazaxıstan və Qırğızıstan milliləri maliyyə səbəbindən futzal turnirinə qatılmayacaqlarını bildirib. Bu turnirdə yalnız Azərbaycanla Türkiyə iştirak edəcək.
Qazaxıstanla Qırğızıstan Universiadanın proqramına daxil olan başqa növlərdə təmsil olunacaqlar. Özbəkistanla Türkmənistan isə, ümumiyyətlə, futzalda iştirak edəcəklərinə dair məktub göndərməmişdilər”.

