"Səhvlərimizi üzə çıxara bildik" - Azərbaycan millisinin qapıçısı

19 Yanvar 2022 19:20 Futzal 440
"Səhvlərimizi üzə çıxara bildik" - Azərbaycan millisinin qapıçısı

"Avropa çempionatına hazırlıq məqsədi ilə Belçika yığması ilə yoldaşlıq görüşü keçirdik".

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli federasiyanın rəsmi saytına açıqlamasında deyib.

31 yaşlı oyunçu 3:5 hesabı ilə uduzduqları qarşılaşmaya pis başladıqlarını bildirib:

"Buna uzun yol gəlməyimizin yorğunluğu da səbəb ola bilər. Ancaq ilk hissənin 10-cu dəqiqəsindən sonra oyunu öz xeyrimizə dəyişməyi bacara bildik.

İkinci yarıda da yaxşı çıxış etdik. Sadəcə, rəqibin ev sahibi olması və hakimin səhvləri gözə çarpırdı. Əsas olan odur ki, biz Avropa çempionatına hazırlığın son mərhələsindəki yoldaşlıq görüşündə səhvlərimizi üzə çıxara bildik".

Hüseynli artıq Avropa çempionatının keçiriləcəyi Niderlandda ilk məşqə çıxdıqlarını söyləyib:

"Qarşılaşmaya 3 gün qalıb. Son günədək çalışacağıq ki, bütün lazım olan xırda detalların üzərində işləyib matça tam hazır olaq.

Komandada əhval-ruhiyyə yaxşıdır. İnanıram ki, yaxşı nəticə ilə azarkeşlərimizi sevindirəcəyik".

Azərbaycan Avropa çempionatının D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda ilk matçını yanvarın 22-də Gürcüstana qarşı keçirəcək.

Xəbər Lenti