“Çox qəribə oyun alındı. Matçın əvvəlində bir neçə qayda pozuntusunun qeydə alınmaması gərginliyi artırdı”.
Sportinfo.az xəbər verir ki, bunu Belçika yığmasının futzalçısı Steven Dillien deyib.
O, Azərbaycan yığması ilə yoldaşlıq oyunundakı 5:3 hesablı qələbəyə şərh verib. Belçikalı oyunçu qarşılaşmada yaşanan xoşagəlməz hadisəyə də toxunub:
“Bu, Azərbaycan yığmasının oyunçularında daha çox hiss olunurdu. İki futzalçının haqlı olaraq qırmızı vərəqə alması da onların narazılığına səbəb idi.
Rəqibimiz gözlənilmədən meydanı tərk etdi və oyunu davam etdirmək istəmədi. Qarşılaşmada belə hadisənin yaşanması bizim layiqli qələbəmizə kölgə salmamalıdır.
Biz meydanda canımızı qoyduq. Oyun göstərdi ki, Avropa çempionatına vəsiqəyə layiq idik. Azərbaycan futzalçıları bizə asan qənimət gözü ilə baxırdı.
Görüşə çox razı başladılar və bizə yuxarıdan aşağı baxırdılar. Klubdakı komanda yoldaşım Edunun adının protokola daxil edilməməsini biabırçılıq kimi qəbul etdim. Onu ehtiyatdan kənarda saxlamışdılar”.

