“Bu, onların karyerasında sonuncu olacaq” - Azərbaycanın baş məşqçisi

13 Yanvar 16:20 Futzal 505
“Bu, onların karyerasında sonuncu olacaq” - Azərbaycanın baş məşqçisi

"Rəsmi oyunların ardından yoldaşlıq matçını dekabrda keçirdik, komanda 8 aydan sonra yığışıb".

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Niderlandda keçiriləcək Avropa çempionatından əvvəl jurnalistlərə açıqlamasında deyib.

54 yaşlı mütəxəssis Ukraynaya iki yoldaşlıq matçında uduzduqlarını xatırladıb:

"Bu oyunlara az - 5 məşq keçib çıxmışdıq. Ona görə də boşluqların olması normaldı.

Az məşq edəndə səhvlərdən qaçmaq mümkün deyil. Bunları nəzərə alsaq, Ukrayna ilə görüşlərdə səhvlərin olması anlaşılan idi.

İndi isə Avropa çempionatına tam heyətlə hazırlaşırıq. Əvvəlki toplanışla müqayisədə vaxtımız çoxdur.

Komanda üçün hər cür şərait yaradılıb. Artıq 5 məşq keçmişik, qarşıda isə 3 məşqimiz var. Bazar günü Belçikaya yola düşəcəyik.

Yekun heyəti səfər ərəfəsində açıqlayacağıq. Bu ölkənin yığması ilə də yoldaşlıq matçında gücümüzü sınayacağıq".

Braziliyalı baş məşqçi Avropa çempionatındakı birinci oyunun finala bərabər olduğunu söyləyib:

"Gürcüstanla görüşdə qazanılacaq qələbə digər oyunlara hazırlaşmaq və növbəti addımlar atmaq baxımından vacib olacaq.

Komandada atmosfer yaxşıdır. Fiziki baxımdan futzalçılar hazırdır. Ölkə xaricində çıxış edən oyunçularımız klublarında daim oynayırlar.

Yerli çempionatdakı milli üzvləri isə yanvarın 5-dən fiziki hazırlıq keçiblər. Ciddi zədəsi olan futzalçımız yoxdur.

Düzdür, bir neçə oyunçuda yüngül ağrılar var, amma bu onlara məşq etməyə və oyun keçirməyə mane olmayacaq".

Da Silva daha çox yoldaşlıq oyunu keçirmək istədiklərini sözlərinə əlavə edib: "Oktyabr, noyabr aylarında qarşılaşmaq üçün rəqib tapa bilmədik.

Pandemiya ilə əlaqədar danışıq apardığımız komandaların bir neçəsi imtina etdi. Elə ölkə oldu ki, Bakıya dəvət etdik, amma gələ bilmədilər.

Çalışacağıq ki, final mərhələsində daha yaxşı nəticə qazanaq. Çünki heyətimizdə elə futzalçılar var ki, bu yarış onların karyerasında sonuncu olacaq”.

Azərbaycan millisi D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti