"Kənardan çox də dəhşətli görünmürdük" - Millimizi pis vəziyyətdə qoydu, üzr istədi

19 Dekabr 2021 09:00 Futzal 604
"Kənardan çox də dəhşətli görünmürdük" - Millimizi pis vəziyyətdə qoydu, üzr istədi

Futzal üzrə Azərbaycan və Ukrayna arasında keçirilmiş yoxlama oyununun 5-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan millimizin hücumçusu Tyaqo Bolinya federasiyanın rəsmi saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, komandasını çətin vəziyyətdə qoyduğu üçün hər kəsdən üzr istəyib:

“Əvvəlcə həm öz komanda yoldaşlarımdan, həm də rəqibdən üzr istəyirəm. Bunu etməməli, diqqətli olmalı idim.

Rəqib bir neçə epizodda – topsuz olduğum halda dirsəyi ilə məni vurdu, amma bunu nə hakimlər gördü, nə də başqası.

Təcrübəli oyunçu üçün yaxşı hal deyildi. Rəqib də çox sərt oynayırdı.

Etirazımı bildirdim, dedim ki, bu bir yoxlama oyunudur, hər iki komanda Avropa çempionatına hazırlaşır, bir qədər ehtiyatlı oynamaq lazımdır.

Çünki hansısa futzalçının zədələnməsi komandası üçün ciddi itki olacaq. Sabahkı oyunda əlbəttə, bunu təkrarlamamalıyam.

Oyuna gəldikdə, çətin keçdi. Qırmızı vərəqə aldıqdan sonra oyunçu baxımından azlıqda qaldıq. Rəqibimiz də güclü komandadır.

Onlar bizdən fərqli olaraq, daha çox yoxlama oyunu keçiriblər. Bildiyimə görə bura gələnə qədər 4 yoxlama matçında güclərini sınayıblar.

Meydandan kənarlaşdırıldıqdan sonra oyunu tribunadan izlədim. Məğlub olsaq da, uşaqlar sona qədər mübarizə apardılar.

Kənardan çox də dəhşətli görünmürdük. Səhvlərimiz oldu və Ukrayna bundan məharətlə istifadə etdi. Burada etdiyimiz səhvləri rəsmi oyunlarda etməməliyik”.

Xəbər Lenti