Azərbaycan millisini seçən BRAZİLİYALNIN XƏYALLARI

18 Dekabr 2021 02:40 Futzal 604
Azərbaycan millisini seçən BRAZİLİYALNIN XƏYALLARI

Dekabrın 18-də və 19-da Bakıda Ukrayna yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisi hazırlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, karyerasını ölkə xaricində davam etdirən futzalçılar da artıq komandaya qoşulub.

Bu gün komanda ilə ilk məşqini keçirən Tyaqo Bolinya federasiyanın saytına açıqlama verib:

“Millinin toplanışına yenidən dəvət aldığıma görə şadam. Əlbəttə, bu komandanın formasını hər zaman sevə-sevə geyinmişəm. Bu dəfə də eyni hisslərlə növbəti oyunlara hazırlaşırıq.

Əhval-ruhiyyəmiz yaxşıdır. Atmosferlə bərabər, məşq keçdiyimiz zal da əladır. Düzdür, ilk dəfədir ki, burada hazırlıq keçirik. Ancaq matça qədər bir neçə məşqimiz olacaq və örtüyə tam uyğunlaşacağıq. Əsas odur ki, baş məşqçimizin istədiklərini edək, yaxşı hazırlaşaq.

Açığı, Ukrayna millisinin oyununu izləməmişəm, amma onlar da bizim kimi Avropa çempionatının final mərhələsində iştirak edəcəklər. Deməli, zəif komanda deyillər.

Biz doğma meydanımızda çıxış edəcəyik. Ona görə də çalışmalıyıq nəticə xeyrimizə olsun, yaxşı oyun göstərək. Bu duel hər iki komanda üçün yaxşı hazırlıq olacaq.

Əlbəttə, hər iki oyunda qələbə qazansaq, bu, müsbət emosiya yaradacaq. Ancaq yoxlama oyunlarının təyinatı bu deyil.

Vacib olan zədədən qaçmaq, baş məşqçinin müdafiə olunmaq və hücuma qoşulmaqla bağlı tapşırıqlarını qüsursuz icra etmək, standart vəziyyətlər zamanı “ev tapşırıq”larını uğurla yerinə yetirməkdir. Elə etməliyik ki, vacib oyunlara hazırlaşaq, səhvlərimiz az olsun.

​Avropa çempionatının final mərhələsindəki rəqiblərimizə gəldikdə, komanda yoldaşlarıma da demişəm ki, çətin qrupda yer almışıq. Gürcüstan yığması gündən-günə heyətinə yeni futzalçılar cəlb edir, güclənir. Bosniya və Herseqovina çempionatında isə 4 aya yaxın çıxış etmişəm. Ona görə milli komandalarının keyfiyyətli oyunçulardan qurulduğunu deyə bilərəm. İlk “4-lük”də yer alan futzalçılar bizim klubda çıxış edirdilər. Daha bir oyunçusu isə Almaniya çempionatında top qovur. Sərt oyuna üstünlük verirlər. Fiziki cəhətdən də güclüdürlər. İspaniya millisi haqda danışmağa isə ehtiyac yoxdur. Bu komandanın titulları güclərini göstərir. Elə etməliyik ki, ilk iki yerdən birini tutaq. Bunun üçün şansımız da var. Qitə birinciliyi ilk dəfə yeni formatla keçiriləcək. Əvvəllər qrupda 3 komanda yer alırdı, bu dəfə 4 iştirakçı olacaq. Fikrimcə, məqsədimizə nail ola bilərik”.

Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu