Tahir Süleymanovun MARAQLII QARABAĞ QEYDLƏRİ

26 Oktyabr 2020 13:54 E-Topaz 861
Tahir Süleymanovun MARAQLII QARABAĞ QEYDLƏRİ

Son günlər informasiya müharibəsi kəskinləşib.

Düşmən(lər) döyüş meydanlarında məğlub olduqca, əsas istiqaməti Azərbaycana qarşı anti-təbliğata, dezinformasiyaya yönəldib.

Təəssüf ki, xarici-daxili düşmənlər ölkə informasiya məkanına sirayət edə bilirlər.

Bu hələ 30 ildən sonra bir ay ərzində şanlı Ordumuzun möhtəşəm qələbələri fonunda baş verir. Görün uğursuzluq, hətta balans, orta məxrəc olduğu halda nələr baş verərdi.

Təkik, azıq. Birliyimizin sarsıdılması üçün hər yola əl atılır.

Qeyd olunanlara fikir verməmək də olardı.

Getdikcə daha da artır. Döyüş meydanlarındakı kimi informasiya müharibəsində də qalib gəlinməlidir. Müvafiq qurumlar, orqanlarla yanaşı xalqımıza, ordumuza kömək olaraq arxa cəbhədə hər birimiz əsgərik.

Etiraf etməliyik. Tarixən ən zəif nöqtələrimizdən biri emosionallıq, səbrsizlik, şaiyələrə meyllik üstünlük təşkil edib. Düşmən bunu bilməmiş deyil. Haqq yolunda son zərbə üçün xalq olaraq toparlanmalıyıq, ara qatanlara sipər olmalıyıq.

Arxa xətdə hər bir müsbət və ya mənfi addım ön cəbhədə döyüşçülərimizə təsir edir.

Milli ruh, qələbə əzmi, yüksək inam bir faiz də olsun aşağı düşməməlidir. Birliyimizə xələl gətirə biləcək hər xırda məsələ kökündə məhv edilməlidir. İnformasiya məkanındakı qələbələr psixoloji olaraq səngərlərdə qazanılan uğurların təminatçısıdır.

Təxribatların qarşısının alınması üçün Qarabağdan gələn məlumatlar cilovlandıqca, daraldıqca, sanki təlaş halları çoxalır. Baxmayaraq ki, rəsmi olaraq dolğun məlumatlar verilir. Belə durumda ideoloji təbliğat ön plana keçməlidir.

Biz hərbi ekspertlər deyilik, vətəndaş mövqeyimizi bildiririk. Görülən işlərlə yanaşı təbliğata cavabdehlər daha ciddi, əhatəli işlər görməlidirlər. İnternetin, sosial şəbəkələrin məhdudlaşdırıldığı məkanda tv/radio/media üzərinə böyük yük, məsuliyyət düşür.

İlk öncə illərdi ekranlardan xalqa bayağılığı, mənəviyyatsızlığı aşılayanlara yer olmamalıdır.
Bu gün onların millət qarşısında hərbdən, cəbhədən, milli ruhdan danışması insanlarda qıcıq, ikrah hissi oyadır. Ciddi analitikaya, ciddi insanlara daha çox ehtiyac var...

Rayon, kəndlərimizin azad olunması xəbərləri müəyyən bəlli səbəblərə görə bir müddət gecikə bilər. Bunlar hərb elminə, diplomatik gedişlərə söykənərək ekspertlər tərəfindən daha detallı şəkildə xalqa çatdırılmalı, incələnməlidir.

Boşluq(lar) yarananda xalq da təbii olaraq narahat olur. İmkan daxilində insanlarımız informasiya "ac"lığı hiss etməməlidirlər. Sosial mediada aktivlik yaradılmalıdır. Yüksək əhval-ruhiyyə, yeri gələndə zarafatlar öz yerində, təhlillər aparılmalı, müvəqqəti informasiya boşluqları doldurulmalıdır.

Müdafiə Nazirliyimiz düşmən tərəfindən Qubadlı, Laçın rayonlarının bombalanmasını açıqlayır. Özləri-özlərini bombalamırlar ki?! Deməli, mövqelərimiz günü-gündən yaxşılaşır. Düşmən rəsmi olaraq Qarabağda döyüşlərin Şexer, Tağaverd, Zərdanaşen kəndləri uğrunda getdiyini bəyan edir...

Tağaverd, Zərdanaşen, bilirsiz, haradır? Qırmızı Bazardan o tərəfə, demək olar Şuşanın dibi, ətəyi... Düşmən Hadrutu yaddan çıxarıb, əli çatmır artıq. Ali Baş Komandan tvitləri xalqa çatdırana kimi qeyd olunanlar ekranlardan xəritə üzərində ətraflı, davamlı, hər gün, hər saat geniş şəkildə xalqa çatdırılmalıdır. Ki, narahatlıq olmasın...

Məlumatsızlıq yarananda, düşmən təbliğatı yer edir, yersiz çaxnaşma, inamsızlığın yaradılması cəhdləri artır. Burada insanları günahlandırmaq yox, ideoloji, informativ, təbliğati yönəmin yerində olması gərəkdir. Düşmən hər anda bir fürsət axtarır, daxildə qarşıdurma yaratmaq istəyir.

Futbol dili ilə desək, 90 dəqiqəlik oyunda belə 15 dəqiqəlik fasilə olur. İlk hissənin son dəqiqələridir və ən azı 3-4 top vurmuşuq. Düşmən sarsıdıcı zərbələr alıb. Hələ döyüşün ikinci hissəsi, artırılmış dəqiqələri, ehtiyac olsa əlavə vaxtı var. Əsas odur ki, 11 metrliklər olmayacaq.

İxtiyar sahibi siyasi "hakimlər" Azərbaycana qarşıdır. Hər dəqiqə qapımıza haqsız penalti təyin etmək istəyirlər, sarı-qırmızı kartların sayı-hesabı yoxdur. Öndəyik, çünki, əks-hücumlarımız möhtəşəmdir. Artıq ərazi üstünlüyü də bizdədir. İkinci yarıda mərkəzdən, sağdan-soldan sarsıdıcı mövqe hücumlarına keçiləcək...

Futbol elmdirsə, hərb sahəsi elmin elmidir. Beyin mərkəzləri, strateji-taktiki gedişlər, psixoloji hazırlıq mükəmməldir. Döyüşçülərimizin Şuşada, Xankəndində qapılara vuracaq "doqquzluq"larına az qalıb. "12 oyunçu" sona kimi komandanın yanında olmalıdır.

Yığılıb qalan problemlərimiz yetərincədir. Qarabağın fonunda isə onlar kiçik görünür. Zamanı var. Səbr. İndi yeri deyil. Möhtəşəm birliyimizi davam etdirib torpaqlarımızı qaytaraq, sonra bütün sahələrdən tutmuş futbola kimi problemlərə qayıdarıq.

Qubadlı, Laçın, Kəlbəcər, Ağdərə, Ağdam, Xocavənd, Xocalı, Şuşa, Xankəndində müqəddəs bayrağımız dalğalanandan sonra birliyimizi davam etdirib digər məsələləri həll etməyə nə var ki?!

Tahir Süleymanov

Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?