Elxan Məmmədovun fiaskoya uğrayan ucuz şousu

14 Oktyabr 2019 17:04 Elvin ƏHƏD 2 146
Elxan Məmmədovun fiaskoya uğrayan ucuz şousu

Xəbəriniz var yəqin, AFFA-nın əlahəzrət baş katibi Elxan Məmmədov ofisi Bakının Nizami küçəsində yerləşən Niderland Krallığının qarşısında təmtəraqlı piket təşkil etdirib.

"Əmir əl-möminin" öz aləmində orada bir həngamə, çaxnaşma qoparıb ki, gəl görəsən. Hərəsi azı 200 manata başa gələn rəngli pankartlardan tutmuş birbaşa federasiyanın kurasiyasında olan CBC Sport-a qədər. Hadisə yerindən canlı reportaj edən kim, kadrlar çəkib sosial şəbəkələrdə paylaşan kim...İştirakçıların əksəriyyəti də Məmmədov kimi "russkiy yazıçnıy" qaqaşlar, gənc-gözəl xanımlar.

"Piket planı"nın sifarişinin AFFA tərəfindən - öz də təxminən uçuş zamanı helikopterdə verilməsini sübuta yetirən daha bir məqam - "hadisə" yerində iştirak edən KİV-lərin məhz milli ilə Macarıstan səfərinə yollanan mətbuat nümayəndələri olmasıdır.

Yox, Elxan Məmmədov! Bu dəfə alınmadı, gedin, təzədən gəlin. Ucuz siyasət, ucuz şou ilə bu dəfə özünüzü ələ verdiz.

Tutalım, etiraz edirsiz, məqsəd, məram, niyyət nədir, çox dəyərli Elxan müəllim? Lap tutalım, Niderlandın ölkəmizdəki səfirliyindən kimsə çıxıb üzr istədi (hərçənd heç ayaqlarının tozlarına da almadılar aksiyanızı), "Hiqler qələt edib, səhv edib, başını da daşa döyüb" açıqlaması verdi, nə dəyişəcək? Azərbaycan turnir cədvəlində sonuncu yerdən qalxıb 1-2-ci olacaq? Çox absurd, gülünc, mənasız düşüncədir. Məntiqinizə mələməmiş quzu düşmür, sizə ancaq "inkubator" cücəsi kəsə bilərəm.

Ən xülasə, bu qədər "vətənşivən", vətənpərvər, haqq-ədalət tərəfdarısızsa, 2014-cü il dekabrın 14-də elə Bakının özündə - "Qarabağ"ın Avroliqada İtaliya "İnter"inin qapısına vurduğu təmiz qolu saymayan Miroslav Zelinka barəsində niyə harasa müraciət etmədiz, niyə heç kimin qapısını döymədiz, pankartları paylaşdırıb Çexiyanın Bakıdakı səfriliyinə "hücum" çəkdirmədiz?

Və yaxud, bu, həqiqətən, Azərbaycan futbolunu sevən azarkeşin, fanatın haqq səsidirsə, bu səs U-21 millimiz Lixtenşteynə uduzanda, əsas yığmamız Malta ilə bacarmayanda niyə AFFA-nın binası önündə eşidilmirdi? Bəlkə stadionda ünvanınıza "istefa" qışqıran azarkeşləri polis gücünə susduran siz olmamısız?

Ayıbdır, özünüzü gülüş mərkəzi etməklə heç kim sizə - Azərbaycan futboluna hörmət qoymaz, ciddiyə almaz. Kiminsə-nəyinsə hesabına UEFA-da vəzifə tumaqla olmur belə işlər, cənab Məmmədov!

Elvin ƏHƏD

Digər Xəbərlər
Xəbər Lenti