Braziliya millisinin və “Milan”ın sabiq müdafiəçisi Kafu həmyerlisi, “Santos”da çıxış edən Neymar haqqında maraqlı fikirlər səsləndirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Neymarın istedadının danılmaz olduğunu bildirib:
“Hətta bəzi məqamlarda onu Kriştiano Ronaldo (“Əl-Nəsr) və Lionel Messi (“İnter Mayami”) ilə müqayisədə daha üstün hesab etmək olar.
Ancaq uğurun əsas açarı təkcə istedad deyil, intizam həlledici faktordur. Bu, həm fərqləndirici, həm də müəyyənedici xüsusiyyətdir.
İntizam, məqsədyönlülük və işə bağlılıq, bunlar hər şeydir: karyerada, ailədə, məktəbdə və xüsusilə, idmanda.
Yüksək səviyyəli futbolda, xüsusilə, dünya çempionatları kimi turnirlərdə ən yaxşı oyunçuların çıxışını görmək üçün yalnız istedad kifayət etmir. Neymarın potensialı çox yüksəkdir”.
Sabiq müdafiəçi, öz karyerasını nümunə gətirərək əlavə edib ki, o, dörd dəfə dünya çempionatında iştirak etməyi məhz intizam və fokuslanma sayəsində bacarıb:
“Mən nə Ronaldodan, nə Messidən, nə də Neymardan daha istedadlı idim. Amma məni bu səviyyəyə gətirən intizam və diqqət oldu”.
Kafu sonda vurğulayıb ki, Neymar da eyni səviyyədə intizama sahib olsaydı, o zaman futbol tarixində bir çox rekordları qıra bilərdi.

