“Arsenal”ın və Uels millisinin sabiq yarımmüdafiəçisi Aaron Remzi karyerasını başa vurduğunu açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu karyerasını 35 yaşında bitirən Remzi, uzun düşüncələrdən sonra bu qərarı verdiyini deyib:
“Bu qərar asan qəbul edilmədi. Çox düşündükdən sonra futboldan təqaüdə çıxmaq qərarına gəldim.
Əvvəlcə Uelsdən başlamaq istəyirəm. Uels millisinin formasını geyinmək və onlarla birlikdə bu qədər inanılmaz anlar yaşamaq mənim üçün şərəf idi.
Bu, işlədiyim bütün məşqçilərin və məni bir çox cəhətdən dəstəkləyən bütün işçilərin inanılmaz töhfələri olmadan mümkün olmazdı”.
Remzi milli komandanın “qırmızı divar” adlandırılan azarkeşlərinə təşəkkür edərək, çətin və uğurlu illərdə onların dəstəyini heç vaxt unutmayacağını deyib.
O, həmçinin, çıxış etdiyi bütün klublara, məşqçilərə və ailəsinə minnətdarlığını bildirib.
Karyerası ərzində “Arsenal”, “Yuventus”, “Nitsa” və digər klublarda çıxış edən Remzi, bir çox uğurlara imza atıb. O, “Arsenal”la üç dəfə İngiltərə kubokunu, “Yuventus”la isə İtaliya çempionluğunu və kuboklarını qazanıb.

