“Benfika”nın prezidenti Ruy Koşta Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda evdə “Real”a məğlub (0:1) olduqları matçda baş verən insidentlə bağlı açıqlama verib və komandasının futbolçusu Canluka Prestiannini müdafiə edib.
UEFA daha əvvəl argentinalı yarımmüdafiəçini “Real”ın vingeri Vinisius Juniorla yaşanan insidentdən sonra avrokubok oyunlarından müvəqqəti uzaqlaşdırıb.
Braziliyalı baş hakim Fransua Leteksierə müraciət edərək, Prestianninin onu “meymun” adlandırdığını bildirmişdi.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Lissabon klubunun prezidenti qərardan narazı qaldıqlarını vurğulayıb:
“Biz apellyasiya şikayəti vermişik, çünki heç nə sübuta yetirilməyib. Həmçinin, ilk oyunda baş verən başqa bir epizodun da araşdırılmasını gözləyirdik.
Federiko Valverde (“Real”ın yarımmüdafiəçisi) tərəfindən açıq aqressiya var idi və o, meydandan qovulmalı idi”.
“Vinisius yalan danışıb” sualına klub rəhbəri belə cavab verib:
“Mən meydanda deyildim, bunu bilmirəm. Amma bir şeyi deyə bilərəm: öz futbolçuma inanıram. Prestianni irqçilikdə ittiham olunur, ancaq sizi əmin edirəm ki, belə deyil”.
Koşta əlavə edib ki, qərar qəbul olunana qədər mediaya danışmaq istəməyib və yekunda futbolçuya yalnız müvəqqəti diskvalifikasiya verilməsi klubda narazılıq yaradıb.

