
FİFA prezidenti Canni İnfantino İsrail və Fələstin arasında əldə olunan sülh razılaşması barədə fikirlərini bölüşüb.
Oktyabrın 9-da ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS hərəkatının sülh prosesinin ilk mərhələsi üzrə razılığa gəldiyini açıqlayıb.
Razılaşmaya əsasən, Qəzza zolağında atəşkəs elan edilib, həmçinin, orada saxlanılan israilli girovların azad olunması və İsrail həbsxanalarındakı bir çox fələstinli məhbusun buraxılması nəzərdə tutulur.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, FİFA prezidenti bu xəbəri “ümidverici addım” kimi qiymətləndirib:
“Artıq atəşkəs əldə olunubsa, hamı buna sevinməlidir. Hər kəs bu prosesi dəstəkləməlidir.
Bu, yalnız siyasətə deyil, futbola da aiddir. Bu razılaşmaya vasitəçilik edən və onu həyata keçirənlər böyük iş görüblər, indi qalanların da dəstəyinə ehtiyac var”.
İnfantino, həmçinin, Donald Trampın bu prosesdəki rolunu xüsusi vurğulayıb:
“Bu, hamıya ümid verən əla xəbərdir. Tramp qətiyyətli addımlarına görə Nobel sülh mükafatına layiqdir”.