“Dünya çempionatına hazırlıq uzun müddətdir başlayıb.
Yarış ilk dəfə olaraq sentyabrın sonlarına təsadüf edəcək, ona görə də çox həyəcanlıyam”.
Sportinfo.az xəbər verir ki, bunu Fransanın qadın cüdoçulardan ibarət milli komandasının üzvü Klariss Aqbenyenu Bakıda keçiriləcək dünya çempionatına hazırlıq barədə danışarkən deyib.
63 kq çəki dərəcəsində çıxış edən titullu idmançı bildirib ki, yarışda əsas rəqibləri 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının finalında uduzduğu sloveniyalı Tina Trstenyak və yaponiyalı Miku Tasiro olacaq:
“Bütün rəqiblərimə hörmətlə yanaşıram. Amma Trstenyak və Tasiro ən güclülərdir. Yenidən dünya çempionu olmağa çalışacam”.
Toqo əsilli Aqbenyenu Azərbaycan cüdoçuları haqqında da fikirlərini bölüşüb: “Azərbaycanın kişi cüdoçulardan ibarət komandası, həqiqətən də, çox güclüdü. Onların medal qazancaqlarını düşünürəm. Hamısına uğurlar arzulayıram”.
26 yaşlı Aqbenyenu 2014 və 2017-ci il dünya çempionatlarının qalibidir. Bu il İsrailin paytaxtı Təl-Əvivdə keçirilmiş Avropa çempionatının qızıl medalını qazanan xanım idmançı əvvələr də 2 dəfə qitənin ən güclüsü olub.
O, “Bakı 2015” I Avropa Oyunlarında fərdi mübarizədə bürünc, qarışıq komanda yarışında qızıl medal qazanıb. Cüdo üzrə dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.

