Keçmiş futbolçu oğlunun Olimpiya çempionu olmasını istəyir

29 İyul 2018 20:03 Cüdo 1 848
Keçmiş futbolçu oğlunun Olimpiya çempionu olmasını istəyir

Ölkədə çiçəklənən idman növlərindən biri cüdodu.

Maddi-texniki bazası qaydasında olan Cüdo Federasiyasının gördüyü işlər fonunda kütləvilik gündən-günə artır. Yığma üzvlərinin nüfuzlu yarışlarda qazandığı uğurlar yeniyetmələrdə cüdoya maraq oyadır.

Bugünlərdə 12 yaşı tamam olan Cavid Şahhüseyni də belə yeniyetmələrdən biridi (Futbol+). Elnur Məmmədlini özünə kumir seçən istedadlı cüdoçu atasının və əmisinin yolunu seçməyib.

Söhbət Şahin və Ceyhun qardaşlarından gedir. Futbolumuzu dərindən bilənlər Şahin Şahhüseynini daha yaxşı tanıyır. MOİK-i və 2000-ci ildə birinci dəstədə “Azərsun”u çalışdırıb və yeni yaranan komanda yüksək yerlərdən birini tutub.

Qardaşı Ceyhun da həmin kollektivin bir parçası olub və vurduğu qollarla çempionatın bombardirlər siyahısında yer alıb.

İndi tam fərqli sahədə çalışır. Özünün dediyinə görə, övladının futbolçu olmasını istəyib. Ancaq... Cavidi dinləyək: “5 yaşımdan cüdoyla məşğul oluram.

Uşaq yaşlarımdan televiziyada Elnur Məmmədlinin görüşlərini izləmişəm. Məndə cüdoya maraq yarandı və bu idman növünü seçdim. “Neftçi” İdman Klubunda məşqlərə başladım. Məşqçilərim Emin Həsənovla İlyas Cəlilovdu.

Mənə cüdonun sirlərini onlar öyrədib. Bütün uğurlarımda onların payı danılmazdı. Çox yaxşı məşqlər keçirlər. Hələ ki yaşımın azlığı ilə bağlı ölkədaxili yarışlarda iştirak etmişəm. Bir çox turnirlərdə medal qazanmışam.

Ancaq ən uğurlu nəticə kimi Bakı çempionatında tutduğum 4-cü yeri sayıram. Avqustda Türkiyədə beynəlxalq turnir keçiriləcək. İnşallah, “Neftçi”nin tərkibində həmin turnirdə iştirak edəcəm.

Dərs ili başa çatdıqdan sonra fiziki hazırlığa başlayacağıq. Sentyabrdan etibarən daha böyük yarışlarda, o cümlədən yeniyetmələr arasında ölkə birinciliyində iştirak imkanı qazanacam. Hazırda 34 kq-da çıxış edirəm.

Dərslərimi də yaxşı oxuyuram. İdmançı karyeramı davam etdirməklə yanaşı, ali təhsil almağı da düşünürəm. Azərbaycan bayrağını beynəlxalq yarışlarda dalğalandırmaq istəyirəm.

Elnur Məmmədli kumirimdi. İndiki cüdoçulardan isə Rüstəm Orucovu daha çox bəyənirəm. Babam da vaxtilə güləşlə məşğul olub. Valideynlərimlə yanaşı, o da mənə daim dəstək olur”.

Ceyhun Şahhüseyni də oğluna böyük ümidlər bəsləyir: ”Biz hamılıqla idmançı ailəsiyik. Məşqçiləri Cavidin potensialını yüksək qiymətləndirir.

Hamısı bu fikirdədi ki, o, öz üzərində belə işləməyə davam eləsə, gələcəkdə çox böyük idmançı olacaq. Cüdo Azərbaycanda sevilir və özünün ənənəsi var.

Mən də bir ata kimi istərdim ki, oğlum daim beynəlxalq turnirlərdə Azərbaycanın bayrağını qaldırsın və Olimpiya çempionu olsun”.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!