Azərbaycan Avropa çempionatını 3 medalla başa vurdu

1 May 2022 23:00 Cüdo 423
Azərbaycan Avropa çempionatını 3 medalla başa vurdu

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın üç cüdoçusu tatamı üzərinə çıxıb.

Təmsilçilərimizin üçü də 1/4 finalda uduzaraq çempionluq şansını itirib. Məmmədəli Mehdiyev Sofiya tatamisindən bürünclə ayrılmağı bacarsa da, Elmar Qasımov və Uşanqi Kokauri medalsız qalıb.

Kişilər
90 kq

Mübarizəyə 1/16 finaldan başlayan Məmmədəli Mehdiyevin ilk rəqibi David Klammert (Çexiya) olub. Cüdoçumuz qələbə ilə mərhələ adlayıb. 1/8 finalda italiyalı Cennaro Pirellini də yarışdan kənarlaşdıran təmsilçimiz 1/4 finala yüksəlib. O, yarımfinala vəsiqə uğrunda mübarizədə yunanıstanlı

Teodoros Tselidisə uduzub. Mehdiyevin təsəlliverici qarşılaşmadakı rəqibi Yesper Smink (Niderland) olub. Qələbə qazanan cüdoçumuz turnirdəki son rəqibi macarıstanlı Kristian Totu da yenərək bürünc mükafat əldə edib.

100 kq
1/16 finalda Sedrik Olivarla (Fransa) görüşən Elmar Qasımov çempionata qələbə ilə başlayıb. O, İlia Sulanidzeni (Gürcüstan) də məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Niderlandlı Maykl Korrellə dueldən məğlubiyyətlə ayrılan cüdoçumuz təsəlliverici mərhələdə Peter Palçiklə (İsrail) üz-üzə gəlib. Qələbə qazanan Elmar bürünc uğrunda mübarizədə isveçrəli Daniel Eyçə uduzub və yarışı medalsız bitirib.

+100 kq
1/8 finalda İv Ndao (Belçika) ilə qarşılaşan Uşanqi Kokauri qələbə qazanıb. Almaniyalı Yohannes Freylə 1/4 final görüşündə uduzan təmsilçimiz təsəlliverici raundda gücünü sınayıb. Ukraynalı Yakov Xammo ilə qarşılaşmada da uduzan milliləşən legioner çempionatda çıxışını başa vurub.

Beləliklə, Azərbaycan yığması Avropa çempionatını 3 medalla başa vurub. Bunlardan biri qızıl, ikisi bürünc olub. Məmmədəliyədək 73 kq çəkidə çıxış edən təmsilçilərimiz fərqlənib. Hidayət Heydərov qızıl, Rüstəm Orucov bürünc əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"