“Real”ın baş məşqçisi Alvaro Arbeloa Çempionlar Liqasının 8-ci turunda “Benfika”ya qarşı oyunun sonlarında yaşanan qeyri-adi epizodla bağlı jurnalistlərin suallarını cavablandırıb.
Qarşılaşmanın son standart vəziyyətində “kral klubu”nun qapısına qol vuran şəxs “Benfika”nın qapıçısı Anatoli Trubin olub.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, media nümayəndəsinin “bu, futbol meydanında başınıza gələn ən qəribə hadisədirmi” sualına Arbeloa qısa və maraqlı cavab verib:
“Xeyr. Bu, qapıçının komandama vurduğu ilk qol deyil”.
Trubinin 98-ci dəqiqədə vurduğu qol “Benfika”nı Çempionlar Liqasının pley-off mərhələsinə çıxarıb.
Lissabon təmsilçisinə 3:2 hesablı qələbə kifayət etmirdi, ancaq 4:2 hesabı onlara “Marsel”i geridə qoyaraq turnir cədvəlində 24-cü pilləni tutmağa imkan verib.
Bu məğlubiyyətdən sonra “Real” diqqətini daxili çempionata yönəldəcək. Arbeloanın komandası fevralın 1-də “Rayo Valyekano” ilə oyuna çıxacaq.

