“Qəbələ”nin qış trasnferi İsmaheel Akinade Sportinfo.az-a müsahibə verib.
Komandasının doğma meydanda “Neftçi”yə 1:3 hesabı ilə uduzduğu oyundan sonra 32 yaşlı nigeriyalı hücumçu sualları cavablandırıb.
- Yenə məğlub oldunuz...
- Oyuna pis başlamamışdıq. Penalti qolu ilə hesabı açdıq, sevindik. Lakin sonradan rəqibə özünə gəlmək və qollar vurmaq imkanı verdik. Bəlkə də qol vurandan sonra bir qədər rahatlaşdıq. Hesabın erkən bərabərləşməsinə imkan verməməliydik. “Neftçi”nin oyun ərzində bəlkə də 3 imkanı oldu, 3-nü də qola çevirdilər. Ancaq biz ələ düşən şanslardan yararlana bilmədik. Deməyə söz tapmıram.
- Problem müdafiə xəttindədir, yoxsa hücumda?
- Hamıda, hamıda, hamıda. Futbol kollektiv oyundur. Günahı kiminsə üstünə atmaq doğru olmaz. Uduzmuşuqsa, bunda hamının payı var, qapıçıdan tutmuş hücumçuya kimi. İstənilən halda komandamıza güvənirəm. Bundan sonrakı oyunlarda diqqətli olmalıyıq. Çünki zaman bizi gözləmir, tez keçir.
- “Qəbələ” uduzdu, yoxsa “Neftçi” uddu?
- Fikrimcə, biz məğlub olduq. Hesabı açan komanda sonradan 3 top buraxırsa, deməli, uduzan bizik. “Neftçi”yə oynamaq, istədiyini etmək imkanı verdik. Düzdür, rəqib güclüdür, fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Lakin bu komanda ilə layiqincə oynamaq olardı.
- Kubok görüşləri də daxil 9 oyundur qələbə qazana bilməyən “Qəbələ” bu vəziyyətdən çıxmaq üçün nə etməlidir? Yol göstərə bilərsən?
- 15 illik karyeramda ilk dəfədir belə vəziyyətə düşmüşəm. Tək mən yox, baş məşqçimiz və bir çox futbolçularımız da. Məşqlərdə çalışırıq, oyunlarda mübarizə aparırıq, nəsə etməyə çalışırıq, lakin sonluq istədiyimiz kimi olmur. Futbolun bu cür amansız tərəfləri var. Çıxış yolu oyun ərzində ələ düşən imkanlardan maksimum istifadə etmək, rəqiblərə qol vurmaq imkanı verməməkdir. Bu vəziyyətdən çıxmalıyıq, başqa yolumuz yoxdur.
HƏBİB

