“Qəbələ”nin uğursuz nəticələri sıralaması azarkeşlərin səbr kasasını doldurub.
2026-cı ilıə ardıcıl 2 qələbə ilə başlayan bölgə təmsilçisi kubok matçları da daxil olmaqla 9 oyundur qələbənin nə olduğunu bilmir.
Ötən həftə səfərdə “Sabah”a 1:7 hesablı yenilginin canlı şahidi olan qəbələli fanatlar baş məşqçi Kaxaber Tsxadadzeni istefaya səsləmiş, gürcü çalışdırıcı onlara barmaq silkələmişdi.
Eyni ssenari bu dəfə Qəbələdə yaşandı.
“Qırmızı-qaralar”ın “Neftçi”yə 1:3 hesabı ilə uduzması yerli tərəfdarların sərt reaksiyasına səbəb oldu.
Hakimin final fitindən sonra Tsxadadzenin paltardəyişmə otağına yollanmasını gözləyən azarkeşlər gürcü mütəxəssisi görüncə, “Kaxaber, istefa” səsləri eşidildi.
Təcrübəli çalışdırıcı bu dəfə barmaq silkələmədi. Tribunaya tərəf baxıb, başını yelləyib keçdi.
Çox keçməmiş “Neftçi”nin fanatları qəbələli tribuna dostlarına dəstək nümayiş etdirdi. Bakıdan gələnlərin “Kaxa, istefa” qışqırması bəzilərini güldürdü, bəzilərini düşünməyə məcbur etdi.
HƏBİB / SPORTİNFO.AZ
Bəhs etdiyimiz mənzərənin görüntülərini təqdim edirik.

