“Qarabağ” Çempionlar Liqasında növbəti dəfə mümkünsüzü gerçəkləşdirdi.
Buna qədər “Benfika” ilə “Kopenhagen”i məğlub edən “köhlən atlar” Liqa mərhələsinin 4-cü turunda Avropanın nəhənglərindən olan “Çelsi”dən xal aldı – 2:2.
Qeydə alınan nəticə azərbaycanlı futbolsevərləri göyün yeddinci qatına qaldırsa da, İngiltərə matəm içindədir.
“Çelsi” azarkeşləri heç-heçə ilə heç cür barışa bilmir. Klubun sosial şəbəkə hesablarında yazılan rəylərdə ingilis fanatların qəzəbini görmək çətin deyil.
“8 il əvvəlki nəticələr yaxşı yadımdadır. “Çelsi” bu komandanın qapısına 10 top vurmuşdu (0:4, 0:6 – H.). İndi isə... Düşünməyə vaxtınız varsa, düşünün”.
“Tarixində ikinci dəfədir Çempionlar Liqasında iştirak edən rəqibi udmağa çalışırıq və uda bilmirik (əsas mərhələni nəzərdə tutur – H.). Heç cür inana bilmirəm”.
“Mareska üçün yaxşı dərs oldu. Bilsin ki, Çempionlar Liqasında B komandasına şans vermək özünəqəsddir”.
“Bir komanda ki, Çempionlar Liqası ilə İngiltərə kubokunu ayırd edə bilmir, ondan bundan artığını gözləməyə dəyməz”.
“Həmişə demişəm, yenə təkrar edirəm. Mareska çempionat məşqçisidir, Çempionlar Liqası onluq deyil”.
“Çelsi”nin müdafiə xətti bərbaddır. Uşaq bağçasını xatırladır. Yaxşı ki, son dəqiqədəki imkanı boşa verdilər. Yoxsa 1 xaldan da məhrum olacaqdıq”.
“Xəbəriniz olsun, biz dünyanın ən gülməli dünya çempionuna azarkeşlik edirik”.
“Heç bir sözlər bu cür uğursuz nəticəyə əsas ola bilməz. Mareska kəşf etdiyi futbolçularla Konfrans Liqasının qalibi ola bilər, Çempionlar Liqası onun üçün artıqdır”.
“Nədənsə bu oyunu uduzduğumuzu hiss edirəm. Əzilə-əzilə qazanılan 1 xal kimə lazımdır?”
“Təəssüfləndim, ancaq təəccüblənmədim”.
“Bu, Mareskanın uğursuzluğudur. Rəqibi ciddiyə almadı və bunun acısını “Çelsi” ailəsi çəkir. Bu nəticəyə görə cavab verməlidir”.
Maraq üçün bildirək ki, “Qarabağ” 4 turdan sonra topladığı 7 xalla 36 komanda arasında 15-ci pillədə qərarlaşıb.
HƏBİB / SPORTİNFO.AZ

