Misli Premyer Liqasının 22-ci turu iki hakim üçün əlamətdar olub.
Sportinfo.az xəbər verir ki, onlardan biri cari mövsüm ilk dəfə qırmızı vərəqə göstərib, biri isə penalti təyin edib.
“Kəpəz” – “Sumqayıt” (3:0) matçının baş hakimi Rəşad Əhmədov 62-ci dəqiqədə qonaqların oyunçusu Nikola Ninkoviçi ikinci sarı vərəqə ilə meydandan qovub.
Əhmədov bu mövsüm bir oyunda “qırmızı”ya əl atan 10-cu referi olub. Onun ilki 10-cu görüşünə təsadüf edib.
“Şamaxı” – “Neftçi” (2:2) qarşılaşmasının son saniyələrində qonaqların qapısına penalti təyin edən Kamranbəy Rəhimov isə ilk dəfə onbirmetrlik nöqtəni göstərib.
Bu, Rəhimovun 9-cu oyununda birinci penaltisidir. Bununla da cari mövsüm oyunları idarə edən 15 baş hakimin hamısı ən azı bir dəfə penalti təyin etmiş olub.
Bu mövsüm ən çox qırmızı vərəqə göstərən hakim Əliyar Ağayev (6), ən çox penalti təyin edən referi isə Rəşad Əhmədovdur (7).

