Millimizin yeni baş məşqçisi - "Məsuliyyətimizi bilirik"

14 Noyabr 2019 14:15 Boks 810
Millimizin yeni baş məşqçisi -

Umberto Orta Dominges kişi boksçulardan ibarət Azərbaycan yığmasında baş məşqçi fəaliyyətinə başlayıb.

Sportinfo.az xəbər verir ki, komandanı bir araya gətirən kubalı mütəxəssis Azərbaycan Boks Federasiyasının saytına açıqlama verib.

O, öncə Bakı və Azərbaycan boksçuları barədə danışıb: “Əvvəllər Bakıda olmuşam. Dünya çempionatı zamanı paytaxtınıza gəlmişdim. Yəni Bakı, Azərbaycan haqda məlumatım var, insanlarınızın xarakterinə, qonaqpərvərliyinə bələdəm. Azərbaycan boksçularına gəldikdə, onlar barədə əvvəldən də çox şey bilirəm. Beynəlxalq arenada yüksək nailiyyətlər əldə edirlər. Kuba yığmasında çalışdığım zaman Azərbaycan boksçularından həmişə çəkinmişik və onlara rəqib olmaq istəmirdik. 3 il Rusiyada işləmişəm. Orada millidə də çalışmışam. Bu da Azərbaycan komandasını daha yaxşı tanımaq baxımından əhəmiyyətli rol oynayıb”.

Dominges bildirib ki, əsas hədəfi ölkədə ən güclülərdən ibarət komanda formalaşdırmaq və qarşıdakı yarışlarda inamlı çıxış etməkdir: “Noyabrın sonlarında Azərbaycan çempionatı olacaq. Yarışın nəticəsinə əsasən kollektiv formalaşdıracağıq. Qaliblər komandaya cəlb ediləcəklər. Bundan sonra onların hər birini yoxlayacağıq, fiziki durumunu nəzərdən keçirib, səviyyəsini daha yaxşı biləcəyik. Ardınca məşqləri davam etdirəcəyik. Əsas diqqət texniki və fiziki hazırlığa yönələcək”.

Mütəxəssis Tokio-2020 Yay Olimpiya Oyunlarına maksimum sayda lisenziya qazanmağı planlaşdırdıqlarını da vurğulayıb. O, 6 vəsiqə əldə edəcəklərinə inam ifadə edib: “Məsuliyyətimizi bilirik. Çalışacağıq ki, maksimum sayda vəsiqə əldə edək. Amma 8 çəki dərəcəsindən 6-da lisenziya qazansaq, bu, çox gözəl olacaq. Hələlik əsas hədəfimiz budur”.

Dominges gələn il martın 13-23-də Londonda Avropa Olimpiya Təsnifat Turniri, mayın 13-24-də Parisdəki Dünya Olimpiya Təsnifat Turniri ilə bağlı hazırlıq planını da açıqlayıb: “Azərbaycan çempionatının yekununa əsasən bir araya gələcəyik. Öncə bir neçə milli komanda ilə birgə təlim-məşq toplanışımız olacaq. Yanvarda ölkə xaricinə çıxacağıq, hazırlığı orada davam etdirəcəyik. Fevralda dağlıq ərazidə məşq planlaşdırırıq. Martda ilk lisenziya turnirinə qatılacağıq. Burada qazanacağımız vəsiqələrin sayından asılı olaraq, növbəti lisenziya turnirinə hazırlaşacağıq”.

53 yaşlı çalışdırıcı Tokio-2020-də 10-cu çempionluğu əldə etmək istəyini də gizlətməyib: “Komandada motivasiya çox yüksəkdir. Buna əsasən deyə bilərəm ki, istəyimizə doğru inamla addımlayacağıq. Olimpiadada 10-cu qızıl medalı Azərbaycanla əldə etmək istəyirəm. İnanıram ki, bunu bacaracağıq”.

Digər Xəbərlər
Xəbər Lenti