Millimizdə yeni təyinat - Yenə kubalı məşqçi

28 Oktyabr 2019 19:24 Boks 1 266
Millimizdə yeni təyinat - Yenə kubalı məşqçi

Kişilərdən ibarət boks üzrə milli komandamızın yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, yığmamız Umberto Orta Domingezə həvalə edilib.

53 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu postda baş məşqçi vəzifəsini icra edən Nəriman Abdullayevi əvəzləyib.

Umberto Orta 1966-cı ildə Kubanın Kamaquey şəhərində anadan olub. 1984-cü ildə ölkəsində Bədən Tərbiyəsi İnstitutunu bitirən mütəxəssis boks məşqçisi ixtisasına yiyələnib.

O, 1984-1992-ci illərdə Kamaqueyin idman məktəbində boks müəllimi işləyib. Sonralar Kubanın yeniyetmələrdən və gənclərdən ibarət yığmalarında çalışan mütəxəssis 1992-2005-ci illərdə məşqçi, növbəti 11 ildə baş məşqçi kimi işləyib.

Bu müddətdə 18 dünya birinciliyi, 1 dünya çempionatı, 2 Yeniyetmələrin Yay Olimpiya Oyunlarına komanda çıxarıb. Onun yetirmələri dünya birinciliklərində 80, Olimpiadalarda 9 qızıl medal qazanıb.

London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarında Kubanı təmsil edən 10 boksçudan 9-u müxtəlif yaş qruplarında Ortanın rəhbərliyi altında çalışıblar.

2016-cı ilin oktyabrında mütəxəssis Rusiya yığmasına məşqçi təyin olunub. O, 1 il burda işlədikdən sonra qonşu ölkədə fəaliyyətini klubda davam etdirib. Nəriman Abdullayev isə əvvəlki kimi, yenə böyük məşqçi funksiyasını yerinə yetirəcək.

Xatırladaq ki, əvəllər də millimizdə kubalı məşqçi - Pedro Roque işləyib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!