“Qəbələ” İdman Klubunun boksçuları Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına uğurla başlayıblar.
Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının heyətində mötəbər yarışa yollanan Cavid Çələbiyevlə Kamran Şahsuvarlı mübarizəyə 1/16 finaldan start veriblər.
75 kq çəki dərəcəsində çıxış edən sonuncu “Uruçye Arena”da təşkil olunan yarışdakı ilk qarşılaşmasında Giorgi Harabadze (Gürcüstan) üzərində 4:1 hesablı qələbə qazanıb.
Kamran 1/8 finalda Maykl Nevinlə (İrlandiya) üz-üzə gələcək. 60 kq çəki dərəcəsində qüvvəsini sınayan Çələbiyev Bosniya və Herseqovina təmsilçisi Nikola İvkoviçə 5:0 hesabı ilə qalib gəlib.
Dünya çempionumuzun 1/8 finaldakı rəqibi Dorin Buska (Moldova) olacaq. İdmançımız növbəti döyüşünü iyunun 25-də keçirəcək.
Avropa Oyunlarında 6 idmançı ilə təmsil olunan “Qəbələ”nin cüdoçusu Kəramət Hüseynov 60 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
İlk qarşılaşmada Matyaj Trbovça (Sloveniya) qalib gəldikdən sonra Tornike Tsyakadoeaya (Hollandiya) uduzub.
“Qəbələ”nin daha bir cüdoçusu Uşanqi Kokauri +100 kq çəki dərəcəsində çıxış edəcək. Karateçilərimiz Rafiz Həsənov 67 kq, Rafael Ağayev 75 kq çəki kateqoriyasında mübarizə aparacaq.

