Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) büro üzvü seçilib.
Sportinfo.az federasiyanın rəsmi saytına xəbər verir ki, beynəlxalq təşkilatın ən ali qurumu hesab olunan büroda cəmi 7 nəfər çalışacaq.
Bunlar AİBA prezidenti Qafur Rəhimov, 2 vitse-prezident və İcraiyyə Komitəsinin 4 üzvüdür. AİBA rəhbərinin təqdimatı ilə İcraiyyə Komitəsinin üzvlərinin təsdiq etdikləri “yeddilik” 4 il müddətinə bu vəzifəni icra edəcək.
Büro dünya boksunda ən vacib məsələləri – bu idman növünün gələcəyini müəyyən etmək, qanunların dəyişməsi, maliyyə məsələlərinə nəzarət, həmçinin idarəetməni müzakirə edərək, İcraiyyə Komitəsinin gündəliyinə çıxarmaq səlahiyyətinə sahibdi.
Süleyman Mikayılov bu hüquqa ikinci dəfə yiyələnib. O, 2013-cü ildə də 5 nəfərdən ibarət olan büroda eyni vəzifəni daşıyıb. ABF rəsmisi AİBA-nın İcraiyyə Komitəsinin də üzvüdür.

