
Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" İsveçrə çempionatında növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Sürix təmsilçisi 35-ci turda evdə "Sankt-Qallen" ilə qarşılaşıb. 4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 2:2.
Dadaşov bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu 90+3-cü dəqiqədə əvəzlənib. Renat 3-cü dəqiqədə komandasının vurduğu ilk qolda məhsuldar ötürmə edib.
O, 31-ci dəqiqədə rəqib qapısına yol tapsa da, hakim VAR-a baxdıqdan sonra qayda pozuntusuna görə qolu qeydə almayıb.
Bu məqam azarkeşlər tərəfindən narazılıqla qarşılanıb. "Qrasshopper"fanatları sosial şəbəkələrdə oyunu idarə edən hakimlərə kəskin şəkildə etiraz ediblər:
"Başqa referi olsaydı, bu oyunu qazanardıq. Həyatım boyu belə qərəzli insan görməmişəm".
"Bu necə hakimdir? Sözüm yoxdur. İstefa verməlidir".
"Qrasshopper" sona bir tur qalmış 44 xalla 6-cı sıradadır. "Ağ-göylər"in Konfrans Liqasına vəsiqə qazanmaq şansı var. Bunun üçün Sürix təmsilçisi azı 5-ci olmalıdır.
Çünki 4 və 5-ci sırada qərarlaşan komandalar reqlamentə əsasən sözügedən turnirə sonuncu vəsiqə uğrunda pley-off görüşündə üz-üzə gələcəklər.
Qeyd edək ki, "Qrasshoper" sonuncu turda 5-ci sırada qərarlaşan "Bazel"lə qarşılaşacaq.